“Azərbaycanla Ermənistan arasındakı əlaqələr dövlət katibi Entoni Blinken üçün çox vacibdir”.
Teleqraf.com xəbər verir ki, bunu brifinq zamanı ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Vedant Patel deyib.
“Azərbaycanla Ermənistan arasındakı əlaqələr dövlət katibi Entoni Blinken üçün çox vacibdir. Onun həm Azərbaycan, həm də Ermənistan liderləri ilə danışmaq imkanı olub. ABŞ bu məsələdə dərindən iştirak etməyə davam edəcək”, - ABŞ rəsmisi bildirib.
Patel Luis Bononun ABŞ-ın Qafqaz danışıqları üzrə baş məsləhətçisi təyin edilməsinə də toxunub:
“Cənab Bono ABŞ-ın Cənubi Qafqazda sülh və sabitliyin təşviqi üzrə fəaliyyətinə rəhbərlik edəcək. O, həmçinin ATƏT-in Minsk qrupunda həmsədr kimi ABŞ-ı təmsil edəcək”.
ABŞ rəsmisi vurğulayıb ki, bu məsələ Bayden administrasiyası üçün daimi prioritetdir.
Patel qeyd edib ki, Bono mürəkkəb məsələlərlə işləməkdə önəmli təcrübəyə malikdir və Blinken şəxsən ona etibar edir.
Patelin sözlərinə görə, yeni təyin olunan şəxsin planlaşdırılan səfərləri barədə hələlik məlumat yoxdur.