Türkiyənin daxili işlər naziri Süleyman Soylu yardım üçün Azərbaycana təşəkkür edib.
Teleqraf.com-un məlumatına görə, bunu Süleyman Soylu brifinqdə deyib.
"Hər çətin anımızda Azərbaycan yanımızda oldu. Azərbaycanın göstədiyi dəstək işimizi asanlaşdırır. Başqa ölkələrdən də yardımlar gəlir, lakin yardım göndərən ilk ölkə Azərbaycan oldu. Hazırda da onlar axtarış-xilasetmə işlərinə davam edir", - nazir qeyd edib.
Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.
Zəlzələnin ilk günü - fevralın 6-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb.
Fevralın 7-də isə ilkin olaraq mobil səhra hospitalı və 41 nəfərdən ibarət peşəkar tibbi və qeyri-tibbi heyət Türkiyəyə yola düşüb. Daha sonra isə nvöbəti təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, ədyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner yola salınıb.