"Bu günlərdə Rusiyanın paytaxtı Moskvada olan separatçıların “dövlət naziri” Ruben Vardanyan “post”undan uzaqlaşdırıla bilər".
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti məlumat yayıb.
Nəşr separatçıların başçısı Araik Arutyunyanın Moskva səfərinə də diqqət çəkib:
“Etibarlı məlumata görə, təxminən 10 gün əvvəl Araik Arutyunyan Rusiyanın Qarabağla bağlı mövqeyini və siyasətini aydınlaşdırmaq üçün Rusiyaya gedib. Bir neçə gün əvvəl isə qayıdıb. Görünür, onu müəyyən məsələləri müzakirə etmək və yaranmış vəziyyətin həllini (Vardanyan ətrafında) tapmaq üçün dəvət ediblər”.
Qəzet Laçın yolu məsələsinin separatçı rejim daxilində gərginlik yaratdığını, Vardanyanın “istefa”sı məsələsini gündəmə gətirdiyini yazıb. Eyni zamanda, məlumatda Ruben Vardanyanın bölgədən uzaqlaşdırılmasının Azərbaycanın da tələbinin olduğuna diqqət çəkilib.
“Hraparak” Moskva səfərinin Vardanyan üçün yolun sonu olacağını iddia edib:
“Mənbəmiz deyir ki, Araik Arutyunyanın Moskvada kifayət qədər yüksək səviyyəli görüşləri olub. Bu görüşlərdən sonra Kremldə ona daha çox güvənməyə başlayıblar və açıq şəkildə ona deyiblər ki, “Əgər Vardanyan müdaxilə etsə, onu “işdən” çıxarın, onu biz “təyin” etməmişik”.
Arutyunyanın tərəfdarları onun Moskvadan kifayət qədər yüksək əhval-ruhiyyədə qayıtdığını deyirlər. İndi Vardanyan Moskvada özünə qarşı münasibətə aydınlıq gətirir. Ola bilsin ki, qayıdandan sonra aranı sakitləşdirmək üçün könüllü “istefa” versin”.