Xəbər verdiyimiz kimi, “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlunun feysbuk sosial şəbəkəsində bu cümlə ilə başlayan statusu etiraz doğurub.
Nəşriyyat direktoru qeyd edib: “Türkiyə türkcəsini dövlət dili kimi qəbul etməliyik – Bir millət, bir dil”.
Teleqraf.com məsələyə ziyalıların mövqeyin öyrənib.
Professor Qulu Məhərrəmli məsələnin gündəmə çevrilməsinin tərəfdarı olmadığını bildirib: “Şahbaz Xuduoğlu yazıb-yazıb da, bu niyə gündəmə çevrilir? Kim öz dilindən imtina edib başqa bir dövlətin dilini qəbul edər?! Kim türkcə kitab çap edir, etsin, alanlar da alıb oxusunlar. Bu dövlət ona görə qurulmayıb, onun dövlət dili əbəs yerə Azərbaycan dili elan olunmayıb ki, günlərin bir günündə kimsə çıxıb ortaya desin ki, biz dövlətimizin dilini dəyişdirib türk dili edək.
Hesab edirəm ki, bu, çox qeyri-ciddi çağırışdır və buna ümumiyyətlə, əhəmiyyət verməyə dəyməz”.
Millət vəkili, akademik Nizami Cəfərov Şahbaz Xuduoğlunun tanınmış ziyalılardan biri olduğunu bildirib: “Səmimi deyim ki, kitab nəşri sahəsində onun tarixi xidmətləri var. Çox dəyərli işlər görür.
Amma Şahbaz müəllimin bu fikri ifrat kitab kommersiyası marağından irəli gəlir. Təbiidir ki, Türkiyə türkcəsində, rus dilində kitablar çox oxunur. Çünki hər iki dilin inkişaf və yayılma səviyyəsi var. Beynəlxalq dillər arasında fəxri dördüncü yer rus dilinə məxsusdur. Türkiyə türkcəsi də beynəlxalq dil iddiasındadır. Azərbaycan dili beynəlxalq deyil, buna görə də digər dillərlə müqayisədə daha az kitab oxunur.
Dil xalqla bir yerdə yaranır. 100 illərdir ki, xalqımız Azərbaycan dilini yaradıb. Əgər müstəqil Azərbaycan dilindən imtina ediriksə, onda müstəqil xalq olmağımızdan da imtina edirik. Bu, ağlasığmaz bir məsələdir.
Elə dillər var ki, inkişaf etmir, müəyyən müddətdən sonra xalqla bir yerdə məhv olur. Amma Azərbaycan dilini belə bir təhlükə gözləmir”.
Deputat deyir ki, hazırda dünyadakı mövcud dillər sıralayanda Azərbaycan dili öz imkanlarına görə 22-23-cü yerdədir: “Dünyada Azərbaycandan dilindən sonra yüzlərlə dil gəlir ki, ana dilimizdən aşağı sıralarda qərarlaşıb. Dünyada mövcud olan dillər inkişaf səviyyəsi, o dildə yazanların elmi, publisistik yazılar baxımından sıralanır.
Hesab edirəm ki, Şahbaz Xuduoğlu bunları yaxşı bilir. Amma ya kitab nəşrini genişləndirmək, ya Azərbaycanda oxucuları bununla qınamaq baxımından deyir, nədirsə, məncə, o, zarafat edir”.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru Nadir Məmmədli də sözügedən məsələyə təəssüfünü gizlətməyib:
“Müstəqil inkişaf etmiş bir dildən necə imtina etmək olar? Belə çıxır ki, Şahbaz Xuduoğlu Heydər Əliyevin, dövlətçiliyin, milli ruhun, ideologiyanın əleyhinə çıxır?
Əvvəla, Şahbaz müəllim dilçi deyil, çox təəssüf ki, bu işlərə qarışır. Onun dilə yanaşması doğru deyil, hətta məntiqsizdir. Nə olar ki, türk xalqlarından bir də artsa?
Azərbaycan dili müstəqil bir xalqın dildir. Artıq tamam başqa bir inkişaf yolu keçib, cəmiyyət tərəfindən qəbul olunmuş normalar təsdiqlənib. Bu çağırış insanları çaşdırmaqdır, populizimdir, sui-istifadədir. Bu yolla gündəmdə qalmaq istəyirsə, düzgün etmir. Heç gözləməzdim. Yaxşı olar ki, getsin öz peşəsi ilə məşğul olsun, nəinki dilçiliklə. Nasir olmaq o demək deyil ki, dilə də müdaxilə etməlidir”.