20 Fevral 2023 16:58
8 442
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan-Azərbaycan danışıqları Rusiya formatından çıxıb Qərbə doğru gedir”.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.

Almaniyada Azərbaycan və Ermənistan liderləri arasında keçirilən görüşə münasibət bildirən ekspert qeyd edib:

“Konfrans, panel müzakirəsi, fikir mübadiləsi idi, amma dövlət başçıları orada iştirak edəndə bunlar siyasətin aydınlaşdırılması məqsədi daşıyır, burada siyasət hazırlanır, müəyyən razılaşmalar əldə edilir. Birincisi odur ki, Azərbaycan prezidenti və Ermənistan nümayəndəsi növbəti görüşlərin Gürcüstanın Tiflis şəhərində keçirilməsi ilə bağlı razılığa gəlib. Azərbaycan rəhbəri Brüssel formatı haqqında da danışıb, bunu arzuolunan hesab edib. Bu, danışıqlar proseslərinin geosiyasi yönümünü aydınlaşdırır. Yəni danışıqlar Rusiya formatından çıxıb Qərbə doğru gedir. Tiflisi Qərb formatı hesab etmək olar”.

Danielyan Cənubi Qafqazda Rusiya və Qərb arasında geosiyasi rəqabətin qızışdığını söyləyib:

“Burada da geosiyasi rəqabət gedir. Bu rəqabət təkcə Ukraynada getmir, dünyanın istənilən yerində problemləri kimin həll edəcəyi ilə bağlı geosiyasi rəqabət gedir. Hər bir prosesin də öz moderatoru var. Məsələn, indi Brüssel burada problemləri həll edir. Məsələn, Fransa prezidentinin Ermənistanın Qərblə Rusiya arasında bufer olması ilə bağlı bəyanatı başqa şeylər ifadə edə bilər. Bunun nə demək olduğunu dəqiq söyləmək çətindir, çünki çox fərqli şeyləri ifadə etməsi mümkündür. Ermənistan İran baxımından da bufer sayıla bilər. Yəni məsələni müxtəlif aspektlərdən qiymətləndirmək olar”.

Politoloq Türkiyə-Ermənistan sərhədinin açılması ilə bağlı belə deyib: “Açıq şəkildə deyirlər ki, yol açılır. Türkiyə Ani körpüsünün açılacağını açıq-aydın bildirir, hətta tarixi də göstərir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər