Video əlavə olunub:
“Ermənistan Qarabağ ermənilərinin Azərbaycanın suverenliyində yaşamaları ilə bağlı razılaşıb”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti yazır.
Nəşr iki ölkə arasında sülh müqaviləsinin böyük ölçüdə razılaşdıldığını iddia edir:
“Ermənistan-Azərbaycan danışıqlar masasına qoyulan daha bir sənədin məxfiliyi ləğv edilib. Xatırladaq ki, ötən ilin oktyabrın əvvəlində Teleqram kanallarında Ermənistan-Azərbaycan sülh müqaviləsinin nədən ibarət olduğunu göstərən sənəd dərc olunmuşdu. Bəzi məlumatlara görə, sənəd Vaşinqtonda hazırlanıb, Azərbaycan və Ermənistan liderləri tərəfindən razılıqla qarşılanıb.
Bu sənəd Qarabağın tamamilə Azərbaycana təhvil verilməsini nəzərdə tutur. Burada Qarabağın erməni etnik icmasının hüquq və təhlükəsizliyindən bəhs edilir. Bundan əlavə, Qərbin məqsədinin Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması görünür. Qeyd edilir ki, tərəflər Qarabağdakı azlıq qruplarının müdafiəsi ilə bağlı etimadı təmin etmək üçün Azərbaycanın suverenliyinə zidd olmadan beynəlxalq müşahidəçinin rolunu nəzərdən keçirməyə davam edəcək.
Ermənistan hakimiyyəti həmin sənədi nə təkzib, nə də təsdiq etdi, halbuki hər şey aydındır. Nikol Paşinyan və hakim “Vətəndaş Müqaviləsi” Partiyasının üzvləri açıq bəyanatlarında Bakı ilə Qarabağ erməniləri arasında birbaşa təmasların tərəfdarı olduqlarını gizlətmirlər.
Dünən Ermənistanla Azərbaycan arasında müzakirə edilən sülh müqaviləsi ilə bağlı yeni sənəd yayımlanıb”.
Məlumatda qeyd edilir ki, sənəd Münxen görüşündə də müzakirə edilib və bununla bağlı razılaşma əldə olunub. Burada “Dağlıq Qarabağ” adı çəkilmir, separatçı rejim və Rusiyanın sülhməramlı missiyası haqda bir kəlmə belə yoxdur.
“Hraparak” daha sonra əlavə edir:
“Əldə etdiyimiz məlumata görə, sənəd Brüssel variantıdır, orada hazırlanıb. Həmin sənədin ikinci bəndinə əsasən, müqavilənin mətnində dövlətlərarası münasibətlərin bütün problemlərinə istinad ediləcək. Bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması sazişin tərkib hissəsi olacaq. Bundan başqa, sazişdə Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları ilə bağlı maddə olacaq ki, bu da Azərbaycan Konstitusiyasına və onun beynəlxalq öhdəliklərinə uyğun olacaq. Ermənistan öz mövqeyini açıq şəkildə bildirəcək ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi danışıqları başa çatana qədər Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqlarının hərtərəfli qaydalarına aydınlıq gətirilməlidir.
Sənədin üçüncü bəndində Bakı və Qarabağ erməniləri arasında danışıqların başlanmasından bəhs edilir. Sənəddə vurğulanır ki, Bakı Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini və qarşılıqlı anlaşmanı təmin etmək üçün nümayəndələr vasitəsilə dialoqa başlayacaq. Avropa Birliyi bu proseslə bağlı məsləhət verməyə hazırdır”.
Nəşr iddia edir ki, Azərbaycanın mərkəzi hakimiyyəti ilə Qarabağ erməniləri arasında danışıqların başlaması ilə əlaqəli yekun müzakirələr gedir. Məlumatda o da qeyd olunur ki, Bakı erməni icmasından məqbul bildiyi şəxslə müzakirə aparacaq və bu, artıq razılaşdırılıb.
“Dünən məxfilikdən çıxarılan bu sənədlə bağlı rəsmi təsdiq və ya təkzib almağa çalışsaq da, nə Ermənistan Xarici İşlər Nazirliyindən, nə hökumətdən, nə də baş nazirin aparatından bizə cavab verilib. Diqqətçəkən məqam odur ki, Nikol Paşinyan dünən hökumətin iclasında bu haqda danışmadı”, - məlumatda bildirilir.
Baş nazir Nikol Paşinyan ötən həftə partiyasının üzvləri ilə qapalı görüşündə Ermənistanla Azərbaycanın mövqelərinin bir-birinə yaxınlaşdığını və bu il sülh sazişinin imzalanması ehtimalının yüksək olduğunu demişdi.