Almaniya mediası Ermənistan Baş naziri Nikol Paşinyanın iki günlük Berlin səfəri haqda heç nə yazmadı.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
Nəşr bunun bir sıra səbəblərinin olduğunu qeyd edir:
“Ermənistan Baş naziri Nikol Paşinyanın Almaniyaya səfəri nə yerli, nə də Qərb mediasında işıqlandırıldı.
Hər hansı bir işə və ya hadisəyə nə qədər önəm verildiyini bilmək istəyirsinizsə, yerli mətbuatı oxumalı və yerli mediada axtarış aparmalısınız. İndi isə gəlin görək alman mətbuatı və mediası Paşinyanın Berlin səfəri ilə bağlı nə yazıb: heç nə.
Bu barədə yalnız bir vebsayt yazıb - Almaniya hökumətinin vebsaytı. Amma geniş ictimaiyyət belə bir saytın mövcud olduğunu bilmirlər.
Almaniya Kansleri Olaf Şolzun “Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququ” ilə bağlı açıqlamasına gəlincə, bu da rəsmi internet saytından silinib”.
Erməni nəşri iddia edir ki, Şolzun öz bəyanatını geri götürməsi Azərbaycanın Almaniya və Avropa Birliyinə qarşı güclü təsir rıçaqlarının olması ilə əlaqəlidir. Qəzet bu baxımdan AB və Azərbaycan arasında imzalanmış enerji sazişinə və Türkiyənin də birlik ölkələrindəki nüfuzuna da diqqət çəkib.
“Hraparak” Şolz və Almaniya Xarici İşlər Nazirliyini “türkpərəst” adlandırıb. Eyni zamanda, qeyd edib ki, Fransa Senatı Azərbaycan əleyhinə qətnamələr qəbul etsə də, Şolz kimi Prezident Emmanuel Makron da bunları təsdiqləməkdən çəkinir.