“Azərbaycan vətəndaşlarının indiki həssas məqamda İrana səfərləri məqbul deyil”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert molla rejiminin Azərbaycan vətəndaşları üçün təhlükə mənbəyinə çevrildiyini bildirib:
“Hələ ötən ilin noyabrında demişdim ki, Azərbaycan vətəndaşlarının indiki həssas məqamda İrana səfərləri məqbul deyil, təxirə salmalarına ehtiyac var. Mən bunu deyəndə Azərbaycanın İrandakı səfirliyinə hələ hücum olmamışdı.
İki ölkə arasındakı münasibətlər ötən ilkindən də gərgindir. İranda Azərbaycan vətəndaşının müəammalı şəkildə yoxa çıxması yenidən bu mövzunu aktuallaşdırıb. Quru sərhəd qapalı olsa da, təyyarə reysləri var, üstəgəl Gürcüstan üzərindən də İrana gedənlər haqqında məlumat yayılır.
İranda ötən ilin sentyabrında başlayan küçə yürüşləri və etirazlar davam edir. İrandakı rejim baş verənlərdə “xarici iz” axtarır, şübhələndikləri istənilən xarici ölkə vətəndaşını həbs etdirir. Bu mənada Azərbaycan Xarici İşlər Nazirliyinin bir daha İrana səfərin təhlükəli olmasıyla bağlı vətəndaşlara müracət etməsinə ehtiyac var”.
Bundan əvvəl Almaniyada təhsil alan azərbaycanlı tələbə Fərid Səfərlinin İranda həbs edilməsi ilə bağlı məlumat yayılıb. Onun hansı səbəbdən saxlanıldığı məlum deyil. Üç gün əvvəl yoxa çıxan Səfərli haqda heç bir məlumat yoxdur. Anası Dilarə Əsgərova oğlundan nigaran olduğunu deyib.