“Ermənistan sistemli şəkildə KTMT-dən uzaqlaşdırılır”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın BMT-dəki keçmiş nümayəndəsi Armen Martirosyan deyib.
Diplomat İrəvanın KTMT katibinin müavini kvotasından imtina etməsinin təsadüfi olmadığını bildirib:
“KTMT-yə qarşı əvvəlki mövqeləri, tənqidləri, bəyanatın imzalanmaması, hərbi təlimlərdən imtina və sair məsələləri nəzərə aldıqda deyə bilərik ki, baş verənlər sistematikdir. Nəticədə indi Ermənistan və Rusiya arasındakı inamsızlıqdan danışırıq. 1990-cı ildən istər deputat, istərsə də diplomat kimi müxtəlif vəzifələr çərçivəsində bu münasibətlərdə iştirak etmişəm, amma Ermənistan-Rusiya münasibətlərində belə bir etimadsızlıq yadıma gəlmir. Məsələn, bu qərarımızın Qazaxıstan və ya Qırğızıstanın məyus edəcəyini düşünmürəm, əksinə, onlar üçün yeni yol açılır.
Digər tərəfdən, Ermənistan hakimiyyətinin hansı hesablamalar apardığını söyləməkdə çətinlik çəkirəm, bu addımın ardınca KTMT-dən çıxmaq prosesinə keçib-keçməyəcəyini deyə bilmərəm. Hələ bu hərbi blok yarananda demişdim ki, KTMT postsovet məkanında Rusiya hegemonluğunun yayılması və möhkəmləndirilməsi strukturu kimi qurulub. Avrasiya İttifaqı da bu məqsədə xidmət edir. Bu ikisinə “siam əkizləri” demək olar.
Eyni zamanda, nəzərə almalıyıq ki, hökumətimiz KTMT-dən çıxmaq qərarına gəlsə, bunun perspektivi necə olacaq. İqtisadi dövriyyəmizə, investisiyalarımıza, pul axınımıza baxın, Qərbdən gəlmir, Rusiyadan gəlir. KTMT-dən çıxmaq ideyasını irəli sürən insanlar həm də bütün iqtisadiyyatımızın bağlı olduğu qaz problemini də nəzərdən keçirməlidirlər”.
Martirosyan Ermənistanın KTMT-dən uzaqlaşdırılmasına Cənubi Qafqazda Qərb-Rusiya qarşıdurması kontekstində baxılmasının əleyhinə olmadığını söyləyib:
“Rusiyanı regiondan sıxışdırmaq istəyinin çoxəsrlik tarixi var, bu, yeni deyil. Bununla belə, şübhələrim də var, Qərbin Ermənistanı KTMT-dən çıxmağa təşviq etdiyini düşünməyə əsas yoxdur. Bəlkə də KTMT-dən istədiyimizi ala bilmədik deyə belə olur. Eyni zamanda, yaxşı olardı ki, ciddi təhlillər aparılsın, yaranmış vəziyyətə təkcə İrəvandan deyil, Moskvadan da baxmaq lazımdır. Moskvanın Bakı və Ankara ilə ciddi əlaqələri var və maraqları formalaşıb.
Keçən il fevralın 22-də imzalanmış Rusiya-Azərbaycan bəyannaməsini götürün, oxuyun, görün tərəflər hansı öhdəlikləri götürüblər və bu kontekstdə bizi nə gözləyə biləcəyimizi anlamağa çalışın. Bundan başqa, nə qədər desək də, inciklik var, amma KTMT-dən çıxmaq müqabilində nə alacağımızı anlayaq”.
Diplomatın Avropa İttifaqının müşahidəçilərinin Ermənistana gəlməsinə münasibəti belə olub: “Hamımız yaxşı bilirik ki, Avropa İttifaqının müşahidəçilərinin Ermənistanın müdafiəsi ilə heç bir əlaqəsi yoxdur”.