Ermənistan rəhbərliyi Avropanın təzyiqi ilə Qarabağdakı separatçı rejimin ləğvinə çalışır.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
Nəşr Qarabağın erməni icması ilə Azərbaycan hakimiyyətinin nümayəndələri arasındakı dialoqun paytaxt Bakıda davam etdirilə biləcəyinə diqqət çəkir. Məlumatda rəsmi Bakının bu yöndə hərəkətə keçdiyi, Azərbaycan prezident administrasiyasından artıq bununla bağlı dünən ilk açıqlamanın gəldiyi bildirilir.
Qəzet separatçıların başçısı Araik Arutyunyanın proseslə bağlı son iddialarına da toxunur:
“Arutyunyan bir neçə gün əvvəl bildirib ki, Xocalıda keçirilən görüşdən sonra rəsmi Bakı öz kanalları ilə “Ya inteqrasiya siyasətini qəbul edəcəksiniz, ya da problemlərin həlli istiqamətində daha sərt və kəskin addımlar olacaq” xəbərdarlığını göndərib. Amma Arutyunyan Bakının tələbinin kimin vasitəsilə çatdırıldığı barədə məlumat verməyib. O, Bakının tələblərini qəbul etməyəcəkləri təqdirdə yaxın gələcəkdə müxtəlif gəlişmələrin, üzləşəcəkləri yeni situasiyanın olacağını da bildirib.
Bu açıqlamadan bir neçə gün sonra məlum oldu ki, Arutyunyan Ermənistana gəlib, Paşinyanla görüşüb. Paşinyan ona Bakının tələbini təkrarlayıb və deyib ki, indiki şəraitdə reinteqrasiya prosesi çıxış yolu ola bilər, çünki alternativi müharibədir.
Keçən həftə Nikol Paşinyanla görüşdən sonra Araik Arutyunyan kifayət qədər ağır təəssüratlarla Xankəndiyə qayıdıb və komandasına “istefa” mesajını verib”.
“Hraparak” qeyd edir ki, Arutyunyan “post”undan uzaqlaşmaq və ya öz yaxasını kənara çəkmək üçün separatçı rejimin “konstitusiya”sına düzəliş etmək istəyir.
Qəzet iddia edir ki, Araik separatçı komandadan uzaqlaşsa, Bakı “yeni seçki”nin keçirilməsinə imkan verməyəcək: “Beləliklə, Araik Arutyunyan fors-major vəziyyətə hazır olmaq qərarına gəlib, çünki həm İrəvan, həm də Bakının təzyiqi altındadır”.
Nəşr onu da iddia edir ki, Nikol Paşinyan Avropanın təzyiqi ilə separatçı rejimin ləğvinə və ya Qarabağın dağlıq hissəsinin Bakıya təhvil verilməsinə çalışır.
Məqalədə Araikin ən qısa vaxtda “istefa” verməyi düşündüyünü, gələn həftə bu məqsədlə “konstitusiyaya dəyişiklik layihəsi”ni müzakirə edəcəyi bildirilir.
“Hətta Araik Arutyunyanın əvəzedicilərinin adları da hallanır. Bəzi məlumatlara görə, “layihə”nin qəbulundan sonra məsləhətləşmələr başlayacaq. Mənbələrimiz bildirir ki, hazırda Samvel Babayanın “namizədliyinin” rədd edilməsi ilə bağlı konsensus var. Heç kim Babayanı qəbul etmir. Digər adlar da hallanır: Karen Sərkisyan, Qurgen Nersisyan, Araik Arutyunyanın əmisi oğlu Artur Arutyunyan və Samvel Şahramanyan”, - məlumatda deyilir.