24 Mart 2023 20:49
1 819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər dünyasını dəyişmiş mədəniyyət adamlarının yas mərasimlərinin ifrat dərəcədə işıqlandırılması sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib.

Teleqraf.com-un əməkdaşı ekspertlərə "Medianın sənət adamlarının və ictimai xadimlərin yas mərasimlərinin işıqlandırmasını məqsədəuyğun hesab edirsinizmi" sualı ilə müraciət edib.

Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna”- “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı deyib ki, yas mərasimlərinin mediada işıqlandırılması normal haldır: "Baxır, yas mərasimləri mediada necə təqdim edilir? Məşhur şəxsiyyətlərin xatirəsi həmişə yad edilməlidir. Bu, xronikaya düşməlidir. Amma insanların yas mərasimində plov yeməsini çəkmək düzgün deyil. Dəfn mərasimindən ifrata varmadan reportaj hazırlanması normal haldır. Çünki bu tarixdir. Bu gün onu görənlərin yadındadır. Yeni nəsil yetişir, 15-20 ildən sonra adamın adını eşidiblər, amma həmin insana qarşı münasibəti öyrənmək üçün belə kadrlar lazımdır. Məsələn, vida və dəfn mərasimi zamanı izdiham olubmu, hörmət edilibmi, haradan götürülüb. Bu kimi halları qeyd etmək lazımdır. Yenə deyirəm ki, insanların yaxınlarının ağlamasını, plov yeməklərini çəkmək düzgün deyil".

Media eksperti, professor Qulu Məhərrəmli isə deyib ki, yas mərasimlərinin çılpaqlığı ilə işıqlandırılması həm mediada, həm də sosial şəbəkələrin özündə peşənin əlifbasını bilməməkdir: "Etik qaydalara arxa çevirmək səviyyəsizlik, bəsitlik, qeyri-peşəkarlıqdır. Eləcə də hər şeydə sensasiya axtarmaq cəhdidir".

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Zifəroğlu bildirib ki, cəmiyyətdə tanınan, qəbul edilən insanlarla bağlı məlumatlara həmişə maraq olub: "Əsasən, sənət adamları, ictimai şəxslərlə bağlı xəbərlər təqdim edildiyi zaman da bu həssaslıq gözlənilməli, peşə etikası normalarına əməl edilməlidir. Təəssüf ki, belə xəbərlərin təqdimatı zamanı bunun əksinin şahidi oluruq. Nəinki peşə etikasına əməl edilir, hətta mənəvi-insani normalar belə gözlənilmir. Əməkdar mədəniyyət işçisi, tanınmış rejissor və prodüser Oqtay Əliyevin yol qəzasında dünyasını dəyişməsi ilə bağlı ayrı-ayrı media orqanlarında gedən təqdimatlar buna əyani misaldır. Emosional durum, buna paralel olaraq ictimai məzmun mütləq şəkildə nəzərə alınmalıdır. Unutmaq olmaz: Jurnalistika - sosial məsuliyyət hissini əsas götürən peşə fəaliyyətidir. Jurnalistikanın ali prinsipləri şərəf və ləyaqətin toxunulmazlığını, şəxsi həyata müdaxilənin yolverilməzliyini tələb edir. Bu normalara əməl etmək, xəbərə həssas yanaşmaq peşəkarlığın ən vacib meyarlarıdır".



Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanıb.





Müəllif: Rəqsanə Həsənova