Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan erməni ordusunun döyüş qabiliyyətinin aşağı olduğunu etiraf edib.
Teleqraf.com xəbər verir ki, sabiq nazir bu barədə Ermənistanın Laçın rayonu istiqamətində sərhəddəki son təxribatından danışarkən deyib.
Ohanyanın iddiasına görə, dünənki sərhəd hadisəsi mövqe tənzimləmələrinin həyata keçirilməsi çərçivəsində baş verib.
Təxribatı zamanı erməni hərbçilərinin davranışlarına toxunan keçmiş nazir bildirib: “Tanrı nəsib etsin silahlı qüvvələrimiz öz döyüş qabiliyyətini çox tez bərpa etsinlər”.
Ohanyan 44 günlük müharibədən sonra Ermənistan silahlı qüvvələrinin döyüş qabiliyyətinin aşağı düşdüyünü söyləyib.
“Bəli, dünənki hadisə ilə bağlı müəyyən problemlərimiz var. Problem ondadır ki, qarşıdurma Ermənistan və Qarabağı birləşdirən dəhliz ətrafında baş verib. 10 noyabr sənədində bildirilir ki, üç il ərzində yeni yol layihəsi hazırlanacaq və alternativ yol çəkiləcək. Əgər Azərbaycan o alternativ yolu vaxtından əvvəl, daha erkən çəkibsə, onda niyə bizim hakimiyyətimiz həmin yolun bizim tərəfimizə düşən hissəsini çəkməyib?”, - o əlavə edib.