13 Aprel 2023 13:37
10 510
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa Birliyinin (AB) Ermənistandakı mülki missiyası öz fəaliyyəti ilə bağlı Azərbaycana məlumat ötürür”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.

Erməni nəşri AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın bu yaxınlarda ABŞ-ın “Politico” qəzetinə verdiyi açıqlamanı xatırladır. Avropalı rəsmi AB-nin Ermənistandakı missiyasının fəaliyyəti ilə bağlı Azərbaycanı məlumatlandırdığını və bunun təbii olduğunu deyib.

Hərbi ekspert Hayk Nahapetyan “Past”a AB müşahidəçilərinin Ermənistan ərazisində “kəşfiyyat işi” apardıqlarını iddia edib. Erməni ekspert iddiasına AB missiyasının Azərbaycana “mühüm məlumatlar” ötürdüyü fikrini də əlavə edib.

“Onlar sərhəddə sülhü təmin etmək üçün gələn müşahidəçilərdirmi? Yeri gəlmişkən, KTMT son 15 gün ərzində müxtəlif açıqlamalar verir, Rusiya nazirinin müavini səviyyəsində də KTMT-nin Ermənistana müşahidəçiləri gətirməyə hazır olduğu açıqlanıb. Ermənistan rəhbərliyinin isə təklif olunanlarla razılaşmaq istəmədiyi vurğulanır”, - Nahapetyan söyləyib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti Qərbin maraqlarına xidmət etmək öhdəliyinə sadiqdir və KTMT missiyasının bölgədə yerləşdirilməsi buna ziddir.

Nahapetyan AB müşahidəçilərini “100 peşəkar detektiv” adlandırıb:

“Hansı ad altında fəaliyyət göstərirlər-göstərsinlər, funksiyaları Ermənistandakı 102 hərbi bazaya qarşı yönəlib. Onlar İran və Ermənistan sərhədlərini də izləyirlər".

Siyasi ekspert Robert Nazaryan AB missiyasının silahlı qarşıdurma və ya müharibəyə müdaxilə mandatının olmadığını deyib:

“Bu missiya bizə heç nə vermir. Bura Klaarın açıqlamasını da əlavə etməliyik: Azərbaycana məlumat ötürülür. Bəzi məlumatların ötürüldüyünü bilirik, amma bunun nə olduğu, nə qədər tez və sürətlə ötürüldüyü barədə heç bir məlumatımız yoxdur”.

Toivo Klaarın bu günlərdə ABŞ nəşrinə verdiyi açıqlama Ermənistanın ictimai-siyasi çevrələrində “bomba effekti” yaradıb, məsələ günlərdir müzakirə olunur. Əslində, məsələ ermənilərin absurd iddia və sayıqlamaları kontekstində deyil. AB missiyasının Ermənistanda yerləşdirilməsi ilə əlaqədar ötən il Praqda razılaşma əldə edilərkən, müşahidəçilərin gördüyü işlər barədə Azərbaycan tərəfini də məlumatlandıracağı bildirilmişdi.

Missiyanın bölgədə sülhə töhfə verib-vermədiyinə gəldikdə, bu barədə Azərbaycanda narazılıq var. Çünki avropalı müşahidəçilər Ermənistanda yerləşdikdən sonra erməni hərbçilərinin təkrarlanan təxribatlarına göz yummaqla yanaşı, bir çox hallarda baş verənləri obyektiv dəyərləndirmədən də yayınırlar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər