Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli sazişləri istisna olmaqla, Qarabağ məsələsinin həlli üçün başqa hüquqi əsaslar yoxdur.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilən danışıqları şərh edərkən deyib.
“İki ölkə arasında mövcud problemlərin həlli və regionda gərginliyin azaldılmasına yönəlmiş bəzi birgə fəaliyyət və addımların mümkün inkişafı, ilk növbədə, Rusiya ilə birgə imzalanmış üçtərəfli sənədlər əsasında mümkündür. Hələlik nizamlanmaya kömək edəcək başqa hüquqi əsaslar yoxdur”, - Peskov qeyd edib ki, indiyədək bu üçtərəfli sənədlər tamamilə mübahisəsizdir.
“Əlbəttə, bu əsasda nizamlanmaya kömək edə biləcək istənilən yardım alqışlanır, amma onu da bilirik ki, nizamlanmanın əsasını bulandıran müxtəlif cəhdlər var ki, bu da uzunmüddətli perspektivdə nəticə verməyə bilər. Ümid edək ki, bu halda söhbət birinci haldan gedir”, - Peskov əlavə edib.