Belçika xarici işlər naziri Haca Lahbib ölkəsinin Ermənistanda səfirliyinin açıldığını bildirib.
Teleqraf.com xəbər verir ki, nazir Avropa Birliyinin Ermənistandakı müşahidə missiyasına Belçikanın “töhfə” vermək istədiyini deyib.
Lahbib Belçikanın Cənubi Qafqazda, eləcə də Ermənistanda mövcudluğunu təmin edəcəyini söyləyib.
Nazir qeyd edib ki, indiyədək Belçika bu ölkənin Moskvadakı səfirliyi vasitəsilə Ermənistanla işləyib, geosiyasi proseslər isə vəziyyətin yerində nəzərdən keçirilməsini tələb edir.
“Belçika Ermənistan və Azərbaycan arasında sülh prosesinə dair Avropanın səylərini, xüsusən də Belçikanın töhfə vermək istədiyi AB-nin Ermənistandakı mülki müşahidə missiyası vasitəsilə tam şəkildə dəstəkləyir. Ölkəmiz Cənubi Qafqazda sabitliyə, qonşuluğa da böyük önəm verir. Bakıda artıq fəaliyyət göstərən səfirliyimizlə yanaşı, İrəvanda diplomatik nümayəndəliyimizin açılması da bu baxışdan irəli gəlir”, - xarici işlər naziri bildirib.
Belçikanın Azərbaycandakı səfirliyi 2007-ci ildən fəaliyyət göstərir.