“Rusiya Qarabağ separatçıları ilə bağlı “plan”ından əl çəkməyib”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Ermənistan baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü tanımasının Rusiyanı qıcıqlandırdığını bildirib:
“Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan Baş naziri Nikol Paşinyanın “Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” açıqlamasına özünəməxsus reaksiya verib. Zaxarova bildirib ki, Paşinyanın son bəyanatları Ermənistanda və Qarabağda birmənalı olmayan reaksiyaya səbəb olub. O əlavə edib ki, Rusiya nizamlama üzrə vasitəçidir və bu baxımdan Ermənistanın Qarabağla bağlı dəqiq mövqeyinin olması vacibdir.
Bundan da dəqiq mövqe olarmı? Paşinyan açıq deyib ki, Qarabağı Azərbaycan ərazisi kimi tanıyır, daha nə istəyirsiniz?
Zaxarovanın “Paşinyanın açıqlaması Ermənistanda və Qarabağda birmənalı olmayan reaksiyaya səbəb olub” cümləsi isə ona dəlalət edir ki, Kreml Paşinyana müxalif olan qüvvələrin Azərbaycanın ərazi bütövlüyünün əleyhinə olmalarını “diqqət”ə alır. Yəni bu o deməkdir ki, Kremlin Qarabağla bağlı “fərqli” mövqeyi var.
Vaşinqton Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması fikrinə müsbət yanaşarkən, Moskva Paşinyanı tənqid etməyə üstünlük verir. Demək, Kreml separatçılarla bağlı “planlar”ından əl çəkməyib”.