"Bu gün Bakının mərkəzində yerləşən erməni kilsəsi dövlət tərəfindən qorunduğu halda İrəvanda Azərbaycan tarixi-mədəni irsi tamamilə məhv edilib və ya özgəninkiləşdirilib, habelə Azərbaycan xalqının mədəni irs nümunələrinin mənşəyini saxtalaşdırmaqla məşğuldur".
Teleqraf.com xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli “Heydər Əliyev: multikulturalizm və tolerantlıq Azərbaycan cəmiyyətinin inkişaf konsepsiyası kimi” adlı konfransda bildirib.
Onun sözlərinə görə, etnik qrupların mədəni irsinin qorunması ilə yanaşı ölkəmizdə fərqli dinlərə mənsub olan insanların dini inanc və abidələrinin qorunub saxlanılması da dövlətimizin multikulturalizm və tolerantlıq siyasətinin əsasını təşkil edir: "Dünyada tolerantlıq nümunəsi kimi tanınan Azərbaycan zəngin tarixi irsi əsasında sivilizasiyalar arasında dialoqun inkişafını təşviq edir, bu yolun qarşılıqlı əməkdaşlığa, inteqrasiyaya, sülh və təhlükəsizliyə xidmət etdiyini nümayiş etdirir".
Nazir söyləyib ki, Azərbaycanda ölkə əhalisinin əksəriyyətini təşkil edən müsəlmanların dini ibadət yerləri olan məscidlərlə yanaşı, Qafqaz Albaniyası dövrünə aid qədim kilsələr, pravoslav, katolik və lüteran məbədləri, sinaqoqlar Azərbaycan mədəni irsinin tərkib hissəsi kimi qorunur və bərpa edilir: "Təəssüf ki, torpaqlarımızın 30 illik işğalı dövründə Ermənistan silahlı qüvvələri və vandalları tərəfindən Azərbaycan xalqına, o cümlədən etnik azlıqlarına məxsus mədəni irs nümunələri, tarixi abidələr, mədəniyyət müəssisələri, muzeylər qarət edilib, dağıdılıb, təhqir edilib".