26 İyun 2023 14:13
2 653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Üzeyir Rəhimov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Üzeyir doktor, son zamanlar ölkəmizdə ürək və qan-damar xəstəliklərindən vəfat edənlərin sayında kəskin artım müşahidə olunur. Təəssüf ki, bu yaxınlarda iki jurnalist həmkarımız da ürək probleminə görə həyatını itirdi. Bunun başlıca səbəbi nədir?

- Əslində son onillikdə ürək xəstəliyindən ölüm nisbətləri təxminən eynidir. Yəni bu müddətdə ürək xəstəliklərindən ölüm nisbətində qeyri-adi bir dəyişiklik yoxdur. Onsuz da ürəkdən ölümlər dünyada da, Azərbaycanda da birinci yerdədir. Sadəcə çox önəmli şəxsiyyətlər, ictimaiyyətə yaxşı məlum olan insanlar vəfat etdiyi üçün diqqət çəkir. Hər dəfə də belə diqqət çəkəndə bu məsələ aktuallaşır.

Əslində bizim kimi ölkələrdə bu məsələ daim aktual olmalıdır. Çünki ölkəmizdə ürək xəstəlikləri ən yüksək sıradadır.

Bunun da bir çox səbəbi var. Xüsusilə Azərbaycanda ürək xəstəliklərinə səbəb olan təzyiq, qan şəkəri və xolesterin səviyyələri digər ölkələrlə müqayisədə daha yüksəkdir. Məsələn, Azərbaycanda təzyiq xəstələrinin nəzarətdə olma ehtimalı daha azdır. Dünyada təzyiq xəstələrinin 25-40 faizi nəzarət altındadırsa, bu nisbət Azərbaycanda 11 faizdir. Eləcə də son illər ölkəmizdə diabet xəstəliyi kəskin artıb.

Doğrudur, əvvəlkilərə nisbətən bir az müsbətə doğru dəyişiklik var, amma insanlarımız dərman qəbul etməyi və xəstəliyi nəzarətdə saxlamağı çox sevməzlər. Əslində bu, dünyadakı bütün insanların problemidir, amma bizdə bir qədər artıqdır. Xolesterin də eyni səviyyədədir, yəni daha az nəzarət altındadır.

Cəmiyyətimiz çox hərəkətsizdir. Məsələn, Avropa ölkələrində hər kəsin velosiped sürdüyünü, piyada çox gəzdiyini görmək olar. Azərbaycanda isə hər kəs ictimai nəqliyyatdan istifadə edir, az hərəkətdirlər. Buna görə də son 10 ildə Azərbaycanda artıq çəkili insanların və diabet xəstələrinin sayı 40 faizə yaxın artıb. Bundan əlavə, siqaret çəkmək ürək xəstəliklərini və insultu artırır. Bunların hamısı ürəyə risk gətirən amillərdir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi məlumata görə, 2009-2019-cu illər arasında Azərbaycanda siqaret çəkmək və yüksək hipertoniya nisbəti 15 faiz artıb. Bu da ölkəmizdə ürək xəstəliklərinin artmasına səbəb olur.

Digər önəmli səbəblərdən bir də stressdir. Bizim kimi cəmiyyətlərdə stress çox olur. Əlbəttə, stress təkbaşına ürək xəstəliklərinə səbəb olmur, amma bu, son qığılcım və yaxud da bardağı daşırdan son damla ola bilər. Bunun üçün stress faktoru da çox önəmlidir və onu idarə etmək lazımdır.

- Doktor, ürək xəstəliklərində qida amilinin rolu nə qədərdir?

- Milli yeməklərimizdən danışmıram. Onsuz da bu, həmişə belə olub. Son zamanlar insanlar daha çox hazır, süni və işlənmiş yeməklərdən istifadə etməyə başlayıb. Bunlar da ürək xəstəliklərinin birinci düşmənidir. Bütün bunları nəzərə alsaq Azərbaycanda bu xəstəlik daha çox görülür.

- Bəs milli yeməklərimiz necə, səhhətimizə, ən əsası ürəyimizə mənfi təsiri var?

- Əslində diyeta və qidalanma haqqında rəhbər tövsiyələr dəyişib. Əvvəllər biz xəstələrə qoyun və digər ətləri, eləcə də yağları yeməyi çox qadağan edərdik. Amma insan bədəninin yağa da, ətə də ehtiyacı var. Ona görə də burada əsas məsələ ət və yağ deyil. Burada ən önəmli şey təbii olan hər şeyin qaydasında yeyilməsidir. Bu haqda uzun danışmaq olmur. Çünki bu, çox ciddi bir məsələdir.

Zərərli olan şeylər daha çox təbii olmayıb işlənmiş qidalardır. Məsələn, bütün ətlərdən qaydasında yemək olar. Burada əlbəttə, qızartmadan və işlənmiş ətlərdən uzaq durmaq lazımdır. Kolbasa, sosiska kimi qidalar zərərlidir. Çünki onlar təbii deyil. Amma təbii əti qaydasında yemək olar.

Təmiz yağ yeyilə bilər, amma mağazadan alınmış marqarin və kərə yağları zərərlidir. Dünyada hansı qidalar ürəyə faydalı olduğuna baxsaq Aralıq dənizi qidalanmasının daha faydalı olduğunu görərik. Tərəvəz, zeytun yağı və balıq məhsullarının ürəyə faydalı olduğu isbat edilmişdi.

Milli yeməklərimizin zərəri o qədər də deyil. Əsas zərərli şeylər süni, işlənilmiş “fast-food” qidalardır.

- Pandemiya dövrü geridə qalsa da, bəzən ürək ölümlərinin səbəbini COVID-19-a və vaksinlə bağlayırlar. Sizcə, bunun əsası varmı?

- Tibb bir neçə insanın və yaxud da toplumun sözləri ilə hərəkət etmir. Tibdə gəlinən qənaətlər böyük çalışmalar və nəticələr üzərində olur. COVID dönəmində peyvəndlərin nəticələri Qərb ölkələrində çox diqqətli analiz edilib və müşahidələr aparılıb. Bu iddianı təsdiq edən bir çalışma yoxdur. Bəzi peyvənd növləri var ki, onlar xüsusi xəstə qruplarında infarktı və tromb olma ehtimalını artmışdı. Zatən bizim ölkəyə belə peyvəndlərdən heç vaxt gəlməyib. Digər tərəfdən bu ehtimalları bildikləri üçün dünyada bu peyvəndlərin istifadəsini azaltdılar.

Peyvəndlərə bağlı gənc insanlarda, xüsusilə də oğlanlarda miokardın dediyimiz ürək əzələlərinin iltihabi dəyişikliyi olurdu, amma bunun nisbəti ölümcül deyildi. Zatən peyvəndi vurdurmayan populyasiya ilə müqayisədə qat-qaz az idi. Ona görə də bu, isbat edilməmiş bir bilgidir. Qərbdə bu haqda çox sayda məqalələr çıxıb. Bu, ancaq dildən-dilə düşən dedi-qodudan ibarətdir.

Artıq 1 ildən çoxdur ki, peyvənd də vurulmur. Ürək dayanmalarının peyvəndlə heç bir əlaqəsi yoxdur. Bu xəstəliyin səbəbi yuxarıda saydığım amillərdir. Bunları görməzdən gəlib dərman içməyib, siqaret çəkən, hərəkətsiz qalan, “fast-food” yeməklər yeyən, kilosu, təzyiqi, şəkəri və xolesterini nəzarətsiz olan bir cəmiyyətin işi peyvəndin üzərinə yıxması doğru deyil.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər