"Gədəbəyin Söyüdlü kəndində iyunun 22-də monitorinq başlayıb. Komissiyanın tərkibində olan bütün qurumlar müxtəlif istiqamətlər üzrə monitorinq apardı".
Teleqraf.com xəbər verir ki, bunu Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Baş nazir Əli Əsədovun sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan komissiyanın işi ilə bağlı keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, komissiya üzvləri kənd sakinləri ilə görüş keçiriblər: "Texnoloji prosesi ilə tanış olub, o cümlədən, tullantı suları üçün tikilmiş gölün monitorinqi aparılıb. Kənd sakinlərində narahatlıq vardı ki, göldən gələn havanın qoxusu onların sağlamlığına neqativ təsir göstərə bilər. İlk günlər hava keyfiyyətinin yoxlanılması həyata keçirildi. Monitorinqlər nəticəsində təhlükəli maddələrin hava keyfiyyətinə təsir göstərmədiyi məlum oldu. Yəni hava monitorinqi təhlükəli maddələrin normadan artıq olmaması məlum olub".
Nazir qeyd edib ki, rayon üzrə xəstələnmə səviyyəsi ölkə üzrə xəstələnmənin orta statistik göstəricisindən aşağıdır.