Seyran Rəhimov: "Heykəlin yandırıldığını eşidən kimi ora getdim"
Dərbənddə Nizami Gəncəvinin heykəlinin yandırılması barədə xəbər yayılıb. Xəbərə görə, parkda aparılan təmir işləri ilə əlaqədar şairin heykəli ağ materiala bükülübmüş. Naməlum şəxslər isə gecə heykələ od vurublar. Sakinlər baş verənlərlə əlaqədar Dərbənd rəhbərliyi və şəhər məclisinin sədri İmam Yaraliyevi günahlandırırlar.
Qeyd edək ki, bu, Dərbənddə ilk vandal hərəkət deyil. Daha əvvəllər də Nizaminin heykəli qırmızı rəngə boyanmışdı. Bir qədər əvvəl isə Dərbənddə Sovet İttifaqı Qəhrəmanı, azərbaycanlı Şamsulla Əliyevin də heykəli dağıdılmışdı. Sakinlərin dediyinə görə, baş verənlərə etiraz olaraq, azərbaycanlılar bu gün saat 15:00-da şəhərin mərkəzində yerləşən Baba məscidinin qarşısında mitinq keçirəcəklər.
Ümumrusiya Azərbaycanlıları Konqresinin Dağıstan regional komitəsinin sədri Seyran Rəhimov Teleqraf.com-a açıqlaması zamanı baş verənlər haqda danışıb. Deyib ki, dünən axşam saatlarında Dərbəndin hərbi komissarı ilə birlikdə Nizami Gəncəvinin heykəlinin yerləşdiyi küçəyə baş çəkib: “Bura köhnə Sovetski küçəsi idi. İndi isə Heydər Əliyev prospekti adlanır. Azərbaycan tərəfi bu prospektdə böyük təmir işləri həyata keçirir. Hər gün prospektdə texnika işləyir. Bu küçədə də Nizaminin heykəli qoyulub. Məlumat üçün deyim ki, heykəli 1992-ci ildə Bakıda sifariş vermişik və şairin 850 illiyi münasibətilə Dərbənddə ucaltmışıq. İki il əvvəl mən özüm 200 min rubl verərək heykəlin üzərində təmizlik və təmir işləri gördürmüşəm. Eləcə də ətrafında güllər əkmişik. Çalışmışıq ki, bu ərazini Nizami Gəncəviyə layiq şəkildə gözəlləşdirək. Heykəlin arxasında "Yeddi Gözəl" mənzərəsi yaradılıb. Ancaq prospekt boyunca təmir işləri aparıldığı üçün heykəlin üzərini ağ örtüklə örtüblər. Nəzərdə tutulurdu ki, heykəlin arxasında Azərbaycan-Dağıstan dostluq evi tikilsin. Heykəlin üzərini ona görə örtüblər ki, təmir işləri ona zərər verməsin. Heykəlin yandırıldığını eşidən kimi ora getdim. Sonradan Bakıdan zəng etdikləri üçün ikinci dəfə ora getdim".
Seyran Rəhimov daha sonra qeyd edib ki, əslində, heykəlin yandırılması məsələsi yoxdur: “Sadəcə olaraq, heykəlin üzərində olan ağ parça yandırılıb. Mən bilmirəm ki, bunu kimlər edib. Hər halda xuliqanlıqdır. Ola bilsin ki, bunu uşaqlar alışqan oyuncaqlar vasitəsilə ediblər və təsadüfən olub. Ola bilsin ki, hansısa xuliqanlar edib. Heykəlin üzərində olan parça yandığından hiss iyi də gəlirdi. Heykəlin özünün yandırılması məsələsi yoxdur və ola da bilməz. Biz bu gün onun ətrafını bir daha təmizləyəcəyik. Dərbənd Məclisinin sədri ilə telefonla danışdım, dedim, bəlkə heykəlin üzərinə yenidən parça örtək. O da dedi ki, parça örtərik, yenidən hansısa axmaq gəlib onu yandırar. Reallıq bundan ibarətdir. Fikrimcə, heç bir narahatçılıq yoxdur”.
NEMƏT