22 Avqust 2023 11:00
5 594
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Naxçıvanla əlaqəmizi məhdudlaşdırarsa, o cümlədən uçuşlara mane olmaq üçün “elektron müharibə” ilə məşğul olmağa davam edərsə, Qafan hava limanı ciddi problemlə üzləşə bilər”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.

Ekspert Ermənistanın Qafan hava limanı ilə bağlı gəlişmələrə diqqət çəkib:

“Son zamanlarda mətbuatda Qafan hava limanının fəaliyyəti ilə bağlı çoxsaylı məlumatlar dərc olunub. Bu obyektin fəaliyyətinə niyə imkan verməməli olduğumuz məsələsini aydınlaşdırmaq istəyirəm. Məsələ burasındadır ki, müqavilələrə, eləcə də Beynəlxalq Mülki Aviasiya haqqında 1944-cü il Konvensiyasının müddəalarına əsasən, mülki sərnişin təyyarəsi dispetçer xidmətləri barədə əvvəlcədən xəbərdar edilmək şərtilə başqa dövlətin hava məkanını keçmək hüququna malikdir.

Azərbaycan və Ermənistan Beynəlxalq Hava Yolları Tranzit Sazişinin (IASTA) tərəfləridir və öz hava məkanlarını rəsmi olaraq iki ölkənin aviaşirkətləri üçün bağlamamışdı. Amma 90-cı illərin əvvəllərindən münaqişə səbəbindən Azərbaycan aviadaşıyıcıları Ermənistan, Ermənistan isə Azərbaycan üzərindən hava dəhlizlərindən istifadə etməyiblər. Vəziyyət 2021-ci ildən sonra dəyişməyə başlayıb. İndi Azərbaycan təyyarələri Ermənistan ərazisindən keçməklə Naxçıvana, Ermənistan təyyarələri isə Mərkəzi Asiya və ya Çinə uçmaq üçün Azərbaycanın hava məkanından keçə bilərlər.

Ermənistan Naxçıvanla əlaqəmizi məhdudlaşdırarsa, o cümlədən uçuşlara mane olmaq üçün “elektron müharibə” ilə məşğul olmağa davam edərsə, Qafan hava limanı ciddi problemlə üzləşə bilər.

Xankəndi aeroportuna gəlincə, bu obyekt Azərbaycan ərazisində yerləşir və Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin nəzarətində olmalıdır. Bu baş verənə qədər onun üstündəki hava məkanı bağlanacaq. Onunla Qafan hava limanı arasında müqayisə belə ola bilməz”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər