“Qərb dövlətləri əsasən xristian mövqeyindən çıxış edirlər. Hətta ermənilər onların beyinlərinə yeridə biliblər ki, onlar bölgədə xristianlığı ilk qəbul edən ölkədir. Qərb dövlətlərinin şüurunda səribçilik - xaç yürüşlərinin sindromları bu gün də qalır”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, Qərb ölkələri Ermənistanın törətdiyi vəhşiliklərin üstündən sükutla keçirlər:
“Ermənistan təcavüzkar olduğunu dillərinə gətirmək istəmirlər. İslam dünyasına aid olduğumuza görə Qərb bizə qarşı belə davranır. Çünki Qərblə İslam ölkələri arasında dini fərqliliklər var. Qərblilər bu fərqlilikləri mütləqləşdirib şişirdirlər. Baş verən hadisələri obyektiv, olduğu kimi qiymətləndirmək keyfiyyətlərindən məhrumdurlar. Hər şeyə xristian təəssübkeşliyindən yanaşırlar. Bu da ikili standartların yaranmasına səbəb olur”.
Qabil Hüseynli bildirib ki, Azərbaycan İkinci Qarabağ Müharibəsində ərazilərini işğaldan azad edib:
“Ötən otuz il ərzində heç kim ermənilərə “işğalçı” demədi, yəni öz adıyla çağırmadı. Halbuki BMT Təhlükəsizlik Şurasının bu işğalla bağlı 4 qətnaməsi vardı. İndi də öz torpaqlarımızı azad edəndə, ədalət bərqərar olanda qayıdırlar ki, azərbaycanlılar ermənilərə qarşı “soyqırımı siyasəti” həyata keçirir. Onların bu qəribə, gülməli qənaətlərini eşidəndə adam heyrətlənir.
Torpağımız otuz il işğal altında olub, yağmalanıb, təbiətə, insanlarımıza sağalmaz yaralar vurulub, bunu edən xalqa isə gözün üstündə qaşın var deyilmir. Onlar gərçəkliyin dərk edilməsi keyfiyyətlərindən məhrumdur.
Qərbin bir sıra dairələri sülhyaratma prosesində açıq-aşkar erməni təəssübkeşlik edirlər. Məsələn, Belçika xarici işlər naziri Hadca Lahbib İrəvanda olarkən Azərbaycan əleyhinə birtərəfli ittihamlar səsləndirdi. Bu onu göstərir ki, bu adam regional məsələləri dərindən bilmir, bəlkə də heç bilmir. Buna görə də, Azərbaycan xalqının haqq işini görməzdən gəlir. Belə adamlarla görüşməyin heç bir xeyri yoxdur. Çünki onlara acı həqiqətləri başa salmaq mümkün deyil”.