25 Avqust 2023 19:15
2 995
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Qarabağlı ermənilərinin üzləşdikləri “fəlakət və aclıq”la bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasına nail olmağa çalışacaq.

Bu sözləri Teleqraf.com-a jurnalist Elçin Alıoğlu deyib.

Jurnalist Fransanın Azərbaycana qarşı təxribatçı fəaliyyətlərinə diqqət çəkib:

“Təsəvvür edək ki, BMT Təhlükəsizlik Şurasının iclasında bununla bağlı qətnamə tələb edildi. Bu qətnamənin qəbul olunması sual altındadır. Təhlükəsizlik Şurasının daimi üzvləri arasında ABŞ və Rusiya buna qarşı çıxacaq. ABŞ ona görə qarşı çıxacaq ki, Fransanın bölgəmizdə geosiyasi baxımdan möhkəmlənməsini, məkana hakim olmasını istəmir. Fransa Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və yekun sülh sazişinin imzalanması prosesini dağıtmaqla məşğuldur. Şarl Mişel Fransa prezidentinin nəzarəti altındadır. Vaşinqton istəmir ki, Fransa bu prosesi dağıtsın. Çünki bu format dağılarsa, Avropa İttifaqının Cənubi Qafqazdakı mövqeləri zəifləyəcək. Bu isə Rusiyanın bölgədə mövqelərini avtomatik şəkildə güclənməsi deməkdir.

Rusiya da buna imkan verməyəcək, veto hüququndan istifadə edəcək. Çünki Fransanın təşəbbüsü ilə qətnamənin qəbul edilməsi sülhməramlı kontingentlə bağlı müzakirələri ehtiva etməlidir. Bu durumda Rusiya hərbi kontingentinin çıxarılması və bura beynəlxalq sülhməramlı kontingentin gətirilməsi məsələsi gündəmə gələ bilər. Rusiya buna qətiyyən imkan verməyəcək.

Təsəvvür edək ki, qətnamə qəbul edildi. Bu, heç nəyi dəyişməyəcək. Çünki 1993-cü ildə BMT Təhlükəsizlik Şurası erməni işğalçılarının Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı dörd qətnamə qəbul etmişdi. Ermənistan bu qətnamələri icra etmədi. Qərb otuz il Ermənistanın bu qətnamələri icra etməməsinə göz yumdu. Digər tərəfdən, bu qətnamənin icrası Azərbaycanın suverenliyi, sərhəd toxunulmazlığı və ərazi bütövlüyü prinsiplərinin tapdalanması olacaq. Azərbaycan buna imkan verməyəcək. Beynəlxalq hüquqa görə, sərhədlər toxunulmazdır. İndi hansı səbəbə görə Azərbaycan “Laçın dəhlizi”ni açmalıdır?

BMT nizamnaməsinə görə, Qarabağ ermənilər üç məsələ baxımından kvalifikasiya edilə bilər. Dini, etnik və ya milli azlıq. Qarabağlı ermənilər dini azlıq deyil. Çünki Azərbaycanda xristian dininə məxsus şəxslər var. Məhz orada bir nəfər azərbaycanlı olmadığına, etnik təmizləmə siyasəti aparıldığına görə bunlar etnik azlıq da sayıla bilməzlər. Qarabağlı ermənilər istisnasız olaraq Ermənistan pasportu daşıyırlar. Onlar Azərbaycan ərazisində kompakt yaşayan başqa dövlətin vətəndaşları olan bir qrupdur. Bu qrup milli azlıq sayıla bilməz. Beynəlxalq hüquqa görə qanunsuz miqrantlar sayılır”.

Elçin Alıoğlu hesab edir ki, qətnamə qəbul edilərsə, Laçın yolu “humanitar dəhliz” sayılarsa, Zəngəzur dəhlizi də humanitar dəhliz sayılmalıdır:

“Yəni bu, beynəlxalq hüquqa ziddir. Digər tərəfdən, qarabağlı ermənilər “aclıq və humanitar fəlakət içində” olduqlarını deyirlər. Hətta bildirirlər ki, “aclıq”dan ölən var. “Aclıq”dan ölən varsa, rəsmi şəkildə videosu, sənədlə tibbi diaqnozu şəkilləri olmalıdır. Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndindəki ofisi bunu rəsmi qeydiyyata almalıdır. Amma belə bir rəsmi sənəd yoxdur. Sadəcə bir erməni pnevmoniyadan ölüb, onu “aclıqdan ölən” kimi təqdim edirlər.

Fərz edək ki, qətnamə qəbul olundu, Rusiya Fransa ilə anlaşdı. Azərbaycanın Türkiyə ilə müttəfiqlik anlaşması var. Buna görə, Azərbaycan sərhədlərinin pozulması, Türkiyə sərhədlərinin pozulması deməkdir. Düşünmürəm ki. Türkiyə bununla razılaşacaq. Azərbaycan heç razılaşmayacaq. Makron istədiyi qədər cəhdlər göstərə bilər. Bunlar hamısı mənasız və boş şeylərdir.

Azərbaycana təzyiq nə qədər artırsa, Qərb ölkələri Cənubi Qafqazdakı mövqelərini bir o qədər itirirlər. Əvəzində isə Çin, İran, Rusiya bölgədə daha da aktivləşir. İndi bu işin sonunu onlar düşünsünlər”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər