“Hələb İranın Suriyaya gedən dəhlizində coğrafi lövbərdir. Hələb hava limanı İrandan Suriya və Livana silah dəhlizinin bir hissəsi və hava yolunun giriş qapılarından biri kimi xidmət edir. Hələbdə erməni icması yaşayır”.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin “İsrael-Alma” Tədqiqatlar Mərkəzinin məqaləsində deyilir.
Məqalədə “Ermənistan İranın Suriya və Livana hava dəhlizi üçün tranzit məntəqəsi kimi fəaliyyət göstərir?” adlanır.
İsrailli mütəxssislər vurğulayırlar ki, İran və Ermənistan arasındakı hərbi əməkdaşlıq Suriya ilə yanaşı, Tehranın maraq dairəsində olan digər bölgələrə də aiddir:
“Məsələn, 2007-ci ildə Ermənistan İraqdakı iranpərəst silahlı birləşmələrin Amerika qüvvələrinə qarşı atdıqları raketləri İrana çatdırıb. Hazırda İran Azərbaycanla Qarabağla bağlı münaqişədə Ermənistanı dəstəkləyir. “İslam İnqilabə Keşikçiləri Koprusu”nun (SEPAH) “Qüds” qüvvələri bu ərazidə fəaliyyət göstərir. Hazırda münaqişə yüksək gərginlik vəziyyətindədir və yaxın gələcəkdə yenidən alovlana bilər.
İran Azərbaycana qarşı müxtəlif cəbhələrdə fəaliyyət göstərir, “Qüds” asimmetrik müharibə, informasiya savaşı aparır, Ermənistana silah və hərbi texnika ötürür. Regional “Qüds” qüvvələrinin bölmələri İsmayıl Qəninin rəhbərlik etdiyi Mərkəzi Komandanlığa tabe olduğu üçün müxtəlif sahələrdə əməliyyat tələbləri koordinasiya edilir.
Bu əsasda İran Ermənistanı təkcə Azərbaycana qarşı istifadə etmir, həm də İranın Suriya və Livandakı səylərini dəstəkləmək üçün istismar edir, Ermənistana göndərilən silah və texnikanın bir hissəsinin Suriyaya, oradan da Livana ötürülməsi mümkündür. Qeyd edək ki, İranın hər iki meydandakı cəhdləri İsrailin əleyhinə işləyir: Ermənistanda (İsrail Azərbaycanı dəstəkləyir) dolayı, Suriya və Livanda birbaşa”.
Məqalədə vurğulanır ki, İranın Suriyadakı səfiri Mehdi Sobhani 2023-cü ilin martında vəzifəsini tərk edərək İranın Ermənistandakı səfiri olub:
“İranın Suriya və Livandakı səfirləri adətən İran Xarici İşlər Nazirliyi tərəfindən təyin olunmuş diplomatdan çox, İranın “Hizbullah” və Əsəd rejimi ilə fəaliyyətlərinin koordinasiyasından məsul olan SEPAH-ın yüksək rütbəli zabiti olurlar. Bunu nəzərə alsaq, Mehdi Sobhaninin İranın İrəvandakı səfiri seçilməsi “İnqilab Keşikçiləri Korpusu”nun Ermənistana yüksək hörmətini əks etdirir”.
Məqalə müəllifləri İranın Ermənistan hava limanlarından Yaxın Şərq ölkələrinə hərbi daşınmalar üçün istifadə etdiyini yazırlar və bununla bağlı çoxsaylı faktları təqdim edirlər.
“İrandan Ermənistana uçuşlar üzrə axtarış apardıq və aşkar etdik ki, bu marşrut üzrə dörd aviaşirkət fəaliyyət göstərir. Üçü Ermənistana, biri isə İrana məxsusdur. İranın Ermənistan ərazisindən ötürülən texnika və silahların hava dəhlizinin bir hissəsi kimi Ermənistan təyyarələrindən istifadə etdiyini istisna etmirik”, - materialda vurğulanır.