15 Sentyabr 2023 16:06
2 658
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Ermənistana görə Azərbaycan və Türkiyə ilə üz-üzə gəlmək istəmir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

“İran Prezidenti İbrahim Rəisi Baş nazir Nikol Paşinyanla telefon danışığında bəyan edib ki, Ermənistanda Amerika ilə keçirilən hərbi təlimlər macəradır, təhlükələrlə doludur. İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan da erməni həmkarı Ararat Mirzoyanla telefon danışığında oxşar fikir səsləndirib.

İran Ermənistana qarşı münasibətini sərtləşdirib. Çünki erməni tərəfi İranın əsas düşməni ABŞ-la hərbi əməkdaşlığa gedir. Düzdür, İran liderləri Tehranın regionda istənilən sərhəd dəyişikliyinə qarşı olduğunu deyirlər, amma bu, təsəlliverici və diplomatik janrdadır”, - məqalədə bildirilir.

Nəşr qeyd edir ki, bu kontekstdə son günlər İran-Azərbaycan təmasları intensivləşib:

“İran Baş Qərargahının idarə rəisi general Məhəmməd Əhədi bir neçə gün əvvəl Azərbaycanın paytaxtına səfər edib və “İslam İnqilabı Keşikçiləri Korpusu”nun qüvvələrinin sərhəddə cəmləşməsi ilə bağlı iddiaları qəti şəkildə yalanlayıb. Bundan sonra Azərbaycan müdafiə naziri Zakir Həsənovla İranın Baş Qərargah rəisi general Məhəmməd Hüseyn Baqiri arasında telefon danışığı olub. Söhbət zamanı İranın hərbi lideri deyib ki, bu kimi məlumatları iki ölkə arasında münasibətləri korlamağa çalışan qüvvələr yayır”.

“Hraparak” bu ərəflərdə İran və Azərbaycan rəsmiləri arasındakı digər təmaslara diqqət çəkərən qeyd edir ki, rəsmi Tehran Qarabağın Azərbaycan ərazisi olduğunu də bəyan edib:

“Tehranın siyasətində baş verən son dəyişiklik göstərir ki, İslam Respublikası Ermənistana görə Azərbaycan və Türkiyə ilə münasibətlərini daha da mürəkkəbləşdirmək istəmir, İrəvanın Qərblə yaxınlaşması fonunda balanslı mövqe tutmağa çalışır.

Hərbi, diplomatik və hökumətlərarası səviyyələrdə İran-Azərbaycan təmaslarının nəticələrini ümumiləşdirərək ehtimal etmək olar ki, son vaxtlar Tehran-Bakı münasibətlərində hökmranlıq edən gərginliyin pik nöqtəsində tərəflər tərəfdaşlıq və konstruktiv dialoq yoluna qayıdıblar. Ermənistan isə faktiki olaraq digər dost ölkə İranın da etibarını və dəstəyini itirir. Vəziyyət həqiqətən təhlükəlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər