15 Yanvar 2015 10:33
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2014-cü ildə korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı mətbuat konfransı keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev və Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov görülmüş işlər barədə ətraflı məlumat veriblər.

Kamran Əliyev bildirib ki, Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyev siyasi irsinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyilə yeni müstəvidə reallaşdırılan dövlətçilik siyasəti nəticəsində ötən dövrlərdə olduğu kimi, 2014-cü ildə də ölkə həyatının bütün sahələrində yenidənqurma işləri uğurla davam etdirilib, möhtəşəm nailiyyətlər qazanılmaqla irimiqyaslı nailiyyətlərə imza atılıb.

İdarə rəisini sözlərinə görə, 2014-cü il ərzində 2 önəmli beynəlxalq antikorrupsiya konfranslarının ölkəmizdə keçirilib: “IACA-ya üzv və iştirakçı ölkələrin Assambleyasının 3-cü sessiyasında 43 ölkədən 130-dan çox nümayəndənin, o cümlədən Avropa Şurasının, Avropa İttifaqının, Avropa Komissiyasının Dələduzluqla mübarizə üzrə Avropa bürosunun (OLAF), müstəqil antikorrupsiya qurumlarının rəhbərləri, ədliyyə və daxili işlər nazirləri iştirak etdiyi sessiya çərçivəsində qəbul edilmiş Bakı Bəyannaməsində korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizədə potensialın genişləndirilməsi üzrə birgə səylərin əhəmiyyəti qeyd edilmiş, qərarlılıq, milli və beynəlxalq səviyyədə təhsil, təlim vasitəsilə antikorrupsiya mühitinin qurulması təşəbbüslərinə tam dəstək olub.

Hesabat dövründə korrupsiyaya qarşı ardıcıl və sistemli mübarizənin aparılması istiqamətində bir sıra mühüm qanunvericilik və praktiki tədbirlər həyata keçirilmiş, ölkədə korrupsiyaya qarşı mübarizənin daha səmərəli formada təşkil edilməsinə zəmin yaranıb.

Belə ki, “Prokurorluq haqqında” və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununlarında dəyişikliklər edilməsi haqqında 14 fevral 2014-cü il tarixli qanunlar və həmin qanunların tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 17 mart 2014-cü il tarixli Fərman və Sərəncamları ilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin adı dəyişdirilərək Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi adı ilə əvəz olunmuş, eyni zamanda statusu artırılmaqla səlahiyyətləri daha da genişləndirilib.

Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2014-cü il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Əsasnaməsinin və prokurorluq işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 oktyabr tarixli 138 nömrəli Fərmanında dəyişikliklər edilərək Baş İdarə əməkdaşların ştat vahidi 100-dən 140-a çatdırılıb”.

Bildirilib ki, prokurorluq orqanları korrupsiya ilə mübarizəni öz fəaliyyətinin prioritet xətti kimi müəyyən etmiş, eyni zamanda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əvvəlki illərdə olduğu kimi fəaliyyətini 2014-cü ildə də uğurla davam etdirib.

Kamran Əliyev əlavə edib ki, 2014-cü il ərzində də korrupsiyaya qarşı mübarizə sahəsində Baş İdarə əməkdaşları tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib: “Əhalinin sosial müdafiəsi, səhiyyə, yerli icra orqanları və digər sahələrdə aşkar edilmiş pozuntuların aradan qaldırılması ilə əlaqədar təkliflər hazırlanıb aidiyyəti qurumlara təqdim edilib, həmçinin bir sıra hallarda vəzifəli şəxslər tərəfindən “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun tələblərinin pozularaq cinayət xarakteri daşımayan pozuntulara yol verildiyi müəyyənləşdirildiyindən həmin şəxslər barəsində “Prokurorluq haqqında” qanuna müvafiq olaraq aidiyyəti üzrə təqdimatlar verilib. Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyini nəzərə alaraq hesabat dövrü ərzində Baş İdarə tərəfindən bu sahədə ixtisaslaşmış beynəlxalq qurumlar və digər ölkələrin müvafiq hüquq mühafizə orqanları ilə əlaqələrin daha da genişlənməsinə xüsusi diqqət yetirilib”.

İdarə rədsinin sözlırinə görə, 2014-cü il ərzində Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq uğurla davam etdirilib: “15-18 aprel 2014-cü il tarixlərdə GRECO-nun ekspertləri tərəfindən Azərbaycan Respublikasına 4-cü raund dəyərləndirmə missiyası həyata keçirilib. Dəyərləndirmə missiyası çərçivəsində Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Katibliyinin, Milli Məclisin və Məhkəmə-Hüquq Şurasının üzvlərinin, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və digər instansiya məhkəmələrinin hakimlərinin, müvafiq nazirliklərin məsul əməkdaşlarının, ali təhsil müəssisələrinin müəllim heyətinin və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə çoxsaylı görüşlər keçirilib. 6-10 oktyabr 2014-cü il tarixlərdə Strasburq şəhərində keçirilmiş GRECO-nun 65-ci plenar iclasında Azərbaycanın 4-cü raund dəyərləndirməsi üzrə hesabat layihəsi dinlənilmiş, ölkəmizdə anti-korrupsiya qanunvericiliyinin təkmilləşdirliməsi, habelə deputat, hakim və prokurorların fəaliyyətində korrupsiyanın qarşısının alınması ilə bağlı məsələlərə dair tövsiyələr verilib.

Hesabat dövründə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ilə əməkdaşlıq diqqət mərkəzində saxlanılmış, 17 yanvar 2014-cü il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində OECD Katibliyinin məsul əməkdaşlarının iştirakı ilə qurumun Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı tərəfindən ölkəmizin Üçüncü Dəyərləndirmə Raundunun birinci mərhələsini müvəffəqiyyətlə keçməsi ilə əlaqədar qəbul etdiyi hesabatın təqdimatı keçirilib.

Ötən hesabat ili ərzində Azərbaycan Respublikası Baş Prokurorluğunun və Hərbi Prokurorluğun təşkilati üzvü və iki yüzdən artıq prokurorluq əməkdaşının fərdi üzvü olduğu Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əməkdaşlıq daha da inkişaf etdirilmiş, 7-10 aprel 2014-cü il tarixlərdə qurumun Prezidenti və Avstriya Prokurorlar Assosiasiyasının Prezidenti Gerhard Yaroş nümayəndə heyəti ilə birlikdə, həmçinin 21-24 yanvar 2014-cü il tarixlərdə Assosiasiyasının baş müşaviri, Böyük Britaniya Krallığının böyük prokuroru Elizabet Hou ölkəmizdə işgüzar səfərdə olublar.

2014-cü il ərzində Baş İdarə tərəfindən həmçinin Dünya Bankı, Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM, Avropa İttifaqının Şərq Tərəfdaşlığı, Avropa İttifaqı (Aİ) – Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməklə Baş İdarə əməkdaşları həmin istiqamətlər üzrə konfrans, seminar, treninq, təlim və dəyirmi masalarda aktiv iştirak ediblər.

Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizə fəaliyyətində qeyri-hökumət təşkilatları ilə sıx münasibətlərin qurulmasına xüsusi önəm verilib. Baş İdarənin fəaliyyəti, bu sahədə son vaxtlar qəbul edilmiş qanunvericiliyin tələbləri, beynəlxalq əməkdaşlıq nəticəsində həyata keçirilən tədbirlər, həmin tədbirlərin reallaşmasında dövlət qurumlarının və vətəndaş cəmiyyətinin rolu və digər mühüm məsələlər ilə əlaqədar Baş İdarə əməkdaşlarının kütləvi informasiya vasitələrində məqalələri dərc edilib.

“Dövlət başçısı cənab İlham Əliyevin rüşvətxorluq və korrupsiya kimi neqativ təzahürlərə qarşı daha ciddi mübarizə aparılması barədə tapşırıq və tövsiyələrə uyğun olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bundan sonra da korrupsiya hüquqpozmalarını doğuran səbəb və şəraitin müəyyən edilməsi və cinayətlərin qarşısının alınması istiqamətində sistemli, ardıcıl və qətiyyətli mübarizə tədbirlərinin davam etdirilməsi təmin ediləcəkdir”, - deyə Kamran Əliyev qeyd edib.

Tədbirdə iştirak edən qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxış edərək korrupsiyaya qarşı mübarizə sahəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2014-cü il ərzində gördüyü işləri müsbət dəyərləndirmişlər. QHT və kütləvi informasiya vasitələrinin nümayəndələrinin sualları ətraflı cavablandırılıb.

Tədbirin sonunda korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmə tədbirləri çərçivəsində Baş İdarə tərəfindən hazırlanaraq nəşr edilmiş metodiki vəsaitlərin təqdimatı keçirilmiş, qeyd olunan nəşrlər tədbir iştirakçılarına paylanmaqla onların böyük marağına səbəb olub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər