Azərbaycanda səfərdə olan Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Bakıda təşkil olunacaq Şimali Kiprin Mədəniyyət Günləri çərçivəsində keçiriləcək sərginin açılışında iştirak edib.
Teleqraf.com xəbər verir ki, ölkə başçısı bu tədbirin əhəmiyyətli olduğunu qeyd edib.
"Bu gün biz ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdik. Dahi şəxsiyyət olan Heydər Əliyevin oğlu İlham Əliyevin rəhbərliyi, baş komandanlığı altında Qarabağ öz azadlığına qovuşub. Bu münasibətlə bir daha Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Dövlətinizə və millətinizə bundan sonra sülh, əmin-amanlıq və gözəl həyat arzu edirəm. Azərbaycan müstəqilliyi üçün çox şəhidlər verib, çox mübarizələr aparıb. Qarabağdakı zəfər qardaşlarımızın gücünü bir daha bütün dünyaya göstərdi. Bakıda olmağımdan çox qürurluyam", - deyə bildirib.
Ersin Tatar bu cür tədbirlərin Azərbaycanla Şimali Kipr arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyini söyləyib: "Şimali Kipr xalqı hər zaman əzilib, hüquqlarımız hər bir sahədə tapdanıb. Lakin xalqımız böyük müqavimət göstərib və bizi Türkiyədən ayırmaq istəyən qüvvələrə qarşı çıxıb. Azərbaycan xalqı da böyük çətinliklərdən keçib və bu mənada talelərimiz oxşardır. Qarabağın işğaldan azad olunmasını nəzərdə tuturam. Biz eyni millətin insanlarıyıq, mədəniyyətimiz birdir, tariximiz birdir, dillərimiz də birdir. Bizlər bir-birimizin gözünə baxarkən ürəyimizdən keçənləri oxuyuruq. Can Azərbaycanla əlaqələrimiz mədəni, ticarət, təhsil və başqa sahələrdə daha da inkişaf edəcək. Biz böyük türk dünyasının övladlarıyıq. Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Türkiyə, Azərbaycan və digər türk dövlətləri bir-biri ilə çox sıx bağlıdır".
Qeyd edək ki, oktyabrın 13-14-də Bakıda Şimali Kiprin Mədəniyyət Günləri keçirilir. Sərginin açılışında prezident Ersin Tatar, baş nazir Ünal Üstel, Kuzey Kıbrıs Türk Cumhuriyyətinin Azərbaycandakı təmsilçiliyinin rəhbəri Ufuk Arca Turganer və bir çox rəsmilər iştirak ediblər.