“AŞPA-nın Azərbaycana qarşı qətnaməsi boş sözlərdən ibarətdir”.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Artur Xaçikyan deyib.
“Qətnamə bizim üçün yaxşı haldır, amma heç nə gətirməyəcək, çünki artıq Avropanın Azərbaycana qarşı heç bir sanksiya tətbiq etməyəcəyi barədə bəyanatı var. Düşünürəm ki, bu, bir düstur olaraq qalacaq: həmişə olduğu kimi, gözəl sözlər deyəcəklər. Başqa heç nə gözləməzdim”, - politoloq bildirib.
Xaçikyan Qərbdən Azərbaycana qarşı real addımların atılmayacağını iddia edir.
Politoloq mümkün Ermənistan-Azərbaycan savaşında Qərbin ölkəsinə hərbi yardım və prosesə müdaxilə etməyəcəyini söyləyib:
“Avropa hökumətlərinin başçıları bildiriblər ki, heç bir şəkildə kömək edə bilməzlər, Ermənistana hərbi yardım, Azərbaycana qarşı sanksiyalar olmayacaq”.
Eyni zamanda, Xaçikyan hesab edir ki, HƏMAS-İsrail savaşı başladıqdan sonra və Ukraynada davam edən müharibə fonunda Cənubi Qafqaz arxa plana keçib.