Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Fikrət müəllim, artıq Qarabağ məsələsi tam həll olundu. Bəs orada qalan Rusiya sülhməramlılarının taleyi necə olacaq?
- Görünən odur ki, fəaliyyətləri azalır, funksiyaları ixtisar edilir. Qarşılarına qoyduqları məqsədlər, hədəflər puça çıxdı. İndi bu duruma uyğun olaraq postları bağlanır. Amma anlaşmaya görə, 2025-ci ilə qədər vaxtları var. Əlimizdən gələni edəcəyik ki, tez bir zamanda ərazimizi tərk etsinlər. Orada təhlükəsizliyin təmin olunması və digər məsələlərin həlli bizim üzərimizdədir. Belə də olmalıdır, çünki bizim ərazimizdir.
- Vaşinqton, Brüssel, Moskva və Tiflis – sülh danışıqları bu şəhərlərdən hansında davam edə bilər?
- Hansı olur-olsun, bizi maraqlandıran nəticələrdir. Sülh sazişi imzalanmalıdır. Hələlik Ermənistan süni əngəllər yaradır. Onların baş naziri bəyan edir ki, bizim ərazi bütövlüyünü tanıyırlar. Bu cür şüarlarla çıxış edirlər. Amma Zəngəzur dəhlizini açmaq istəmirlər, müxtəlif şərtlər qoyurlar.
İndi “yeni problem” gündəmə gəlib. Orada bir sıra dairələr və bəzi rəsmilər hesab edirlər ki, guya biz erməniləri Qarabağdan qovmuşuq, “etnik təmizləmə” aparmışıq. Avropa Parlamenti və AŞPA da onları dəstəkləyir. Burada müxtəlif və çox mürəkkəb problemlər gündəmə gəlir. Bunu mürəkkəbləşdirmək Ermənistanın əsas hədəfidir. Əsas məqsədləri budur ki, bu məsələləri istifadə edib Azərbaycana təzyiq göstərsinlər. Amma biz hər halda Zəngəzur dəhlizini açmalıyıq. Çünki Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında yol bərpa olunmalıdır.
Digər məsələləri də həll etməyə hazırıq. Etnik ermənilərin Qarabağa qayıdışına etiraz etmirik. Dövlət başçımız bunu kifayət qədər aydın şəkildə səsləndirib. Azərbaycan vətəndaşlığını qəbul edəndən sonra təhlükəsiz şəkildə yaşaya biləcəklər, bunun üçün hər şey hazırdır. Qanunlarımıza əməl edərək, Azərbaycan vətəndaşları kimi yaşaya bilərlər.
- Bəs anklavlarla bağlı məsələ necə çözüləcək?
- Ermənistan bunda da problem yaratmaq istəyir. İddia edirlər ki, guya hansısa erməni kəndləri Azərbaycanın nəzarəti altındadır. Bunu Paşinyan deyir. Guya sovet dövründən qalan kəndlərdir.
Sovet dövründə Ermənistanla Azərbaycan arasında dövlət sərhədi yox idi. Sərhədlər dəqiq cızılmamışdı. Bu gün isə 30 ildən artıqdır suveren dövlətik. Bu kəndləri də o dövrdə işğal ediblər. Bunu bildikləri üçün belə iddialar səsləndirirlər ki, dünya ictimaiyyəti çaş-baş qalsın. Amma ərazi bütövlüyümüz tanınırsa, deməli, o kəndlərimiz də azad olunmalıdır. Bu, beynəlxalq hüquqa uyğundur.
- Sərhədlərin delimitasiya-demarkasiyası hansı xəritələr əsasında aparılmalıdır? Ermənistanın təklif etdiyi 1975-ci il xəritəsi Azərbaycanın maraqlarına uyğundurmu?
- Bununla bağı müxtəlif ehtimallar var. Bəziləri hesab edirlər ki, 1975-ci olmalıdır, digərləri isə deyirlər ki, keçmiş SSRİ-nin Baş Qərargahında, indiki halda Rusiyanın hərbi arxivində olan xəritələr olmalıdır. Mənim fikrimcə, AXC dövrünə - 1918-ci ilə aid xəritələri əsas götürməliyik. Həmin xəritələrdə Azərbaycanın ərazisi təsdiqlənib. Hansısa hərbi qərargahların xəritəsi bizim üçün əsas olmamalıdır. Hər şey ədalətli olmalıdır. Bu obyektivlik naminə fəaliyyətimizi diplomatik sahədə gücləndirməliyik.