17 Yanvar 2015 22:31
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İslam Respublikasının “Dəniz” qəzetində 20 Yanvar faciəsi haqqında məqalə dərc edilib. Məqalədə bildirilir ki, Azərbaycan xalqı milli azadlığı uğrunda mübarizə apararkən sovet rejiminin repressiyasına məruz qaldı. Sovet ordusu tərəfindən Bakıda törədilmiş hadisələr Azərbaycan xalqının tarixinə “Qanlı Yanvar” adı ilə daxil oldu.

Teleqraf.com-un məlumatına görə, yazıda SSRİ rəhbərliyinin Azərbaycan xalqının milli-azadlıq hərəkatını boğmaq məqsədi ilə Bakıya qoşun yeritdiyi və günahsız insanları amansızcasına qətlə yetirdiyi diqqətə çatdırılır.

Qeyd edilir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilən qırğın nəticəsində 147 dinc sakin həlak olub, yüzlərlə insan yaralanıb.

Diqqətə çatdırılır ki, Azərbaycan xalqı dövlət müstəqilliyi uğrunda canlarını qurban verənlərin xatirəsini heç vaxt unutmayacaq. Hər il Azərbaycanda 20 Yanvar hüzn günü kimi qeyd olunur, şəhidlərin xatirəsi ehtiramla yad edilir.

Müəllif vurğulayır ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının əzmkarlığını və mətinliyini göstərdi. İnsanların qəddarlıqla qətlə yetirilməsinin məqsədi ondan ibarət idi ki, xalq qorxsun, küçə və meydanlara toplaşaraq azadlığı uğrunda mübarizə aparmasın.

Lakin imperiyanın ideoloqları öz strategiyalarında yanıldılar. Bu qətliamlar Azərbaycan xalqını nəinki qorxutmadı, əksinə onun mübarizə ruhunu yüksəltdi və son nəticədə Azərbaycan öz müstəqilliyini bərpa etdi.

Vurğulanır ki, müstəqilliyini əldə edən Azərbaycan bu gün inkişafının yüksək mərhələsini yaşayır.


Müəllif: