“Azərbaycanla sülh müqaviləsinin üç prinsipi razılaşdırılıb”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Yaxın aylarda Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün siyasi iradəmiz sarsılmaz olaraq qalır. Əlbəttə, Ermənistan bu müqaviləni təkbaşına imzalaya bilməz, bunun üçün Azərbaycanın da imzası lazımdır”, - baş nazir bildirib.
Paşinyan ilin sonuna qədər və ya yaxın müddətdə Azərbaycanla sülh müqaviləsinin imzalanmasının nə qədər real olması ilə bağlı suala belə cavab verib:.
“Əslində, sülhün üç əsas prinsipi Azərbaycanla razılaşdırılıb, bu razılaşma mayın 14-də və iyulun 15-də Brüsseldə keçirilən üçtərəfli görüşlər zamanı apardığımız danışıqlarda baş tutub.
Birinci prinsip budur: Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıyır – Azərbaycan Ermənistanın 29.8 min, Ermənistan da Azərbaycanın 86.6 min kvadratkilometr ərazisini. Məhz bunu təmin etmək üçün Azərbaycanla bağlanacaq sülh müqaviləsinin növbəti mühüm prinsipi qeydə alınıb.
1991-ci il Almatı bəyannaməsi Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası üçün siyasi əsasdır. Həmçinin belə bir anlayış var ki, delimitasiya üçün Sovet İttifaqı Silahlı Qüvvələrinin Baş Qərargahının 1974-1990-cı illərdəki xəritələrindən istifadə edilməlidir. Bunlar da razılaşdırılıb: Ermənistan və Azərbaycanın bir-birinə qarşı heç bir ərazi iddiası yoxdur və gələcəkdə belə iddiaları irəli sürməməyi öhdəsinə götürür.
Növbəti prinsip belədir: regional kommunikasiyalar ölkələrin suverenliyi, yurisdiksiyası, qarşılıqlıq və bərabərliyi əsasında yenidən açılmalıdır”.
Ermənistan baş naziri region ölkələrinin və beynəlxalq ictimaiyyətin dəstəyini gözləyərək, “Sülh kəsişməsi” layihəsinin icrasına başlamağa hazır olduğunu açıqlayıb.