13 Dekabr 2023 21:27
2 333
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Azərbaycan və Ermənistana Moskvada sülh müqaviləsinin imzalanmasını təklif edib.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Moskva Avropa Birliyinin Ermənistandakı missiyasını gücləndirilməsini Rusiyaya qarşı olduğunu bildirib:

“Rusiyanın paytaxtında Ermənistan Baş naziri Nikol Paşinyanı təhdid etməyi də unutmayıblar, bunun mənfi nəticələrə gətirib çıxaracağını söyləyiblər. Lavrovun müavini Qaluzinin verdiyi mesajın Ermənistan üçün ciddi siyasi nəticəsi ola bilər. Çünki İrəvan açıq formada Moskva formatından yayınır. Avropa missiyasının Ermənistanda yerləşdirilməsi və genişləndirilməsi Azərbaycan yox, birbaşa Rusiya ilə bağlı məsələdir. Çünki Azərbaycanla Ermənistan arasındakı proses normallaşır, sülh müqaviləsinin bağlanması istiqamətində ciddi irəliləyiş var.

Saxlanılan hərbçilər də qaytarıldı. Bu, Azərbaycanla Ermənistan arasında ikitərəfli formada əldə edilmiş anlaşmanın reallaşması baxımından da əlamətdardır. Ermənistan isə Rusiyanı ittiham edir ki, Moskvada əldə edilən razılaşmalar heç vaxt həyata keçirilmir.

Hesab edirəm ki, Avropa Birliyinin Ermənistandakı missiyası Ermənistanı Azərbaycandan yox, Rusiyadan qorumağa hesablanıb. Ukraynada təşəbbüsü ələ alan Rusiya isə artıq Ermənistanı da hədələməyə başlayıb. ABŞ və ya Qərb Rusiyanı Ukraynada dayandıra bilməsə, Kremlin növbəti hədəfi Ermənistan olacaq. Rusiyanın hərbi bazası bu ölkə üçün ciddi təhlükə kəsb edir. Ermənistan bunun fərqindədir. Ən təhlükəlisi odur ki, hərbi bazanı bağlamaq cəhdləri də ona baha başa gəlir. İrəvan yol ayırıcındadır: bazanı bağlasın, ya yox?”

Məhəmməd Əsədullazadə Rusiyanın Ermənistanda hakimiyyət çevrilişinə əl atacağını istisna etmir:

“Çevriliş sülh müqaviləsi imzalanmadan baş versə, proses sual altında qalacaq. Əlbəttə, Rusiya bunu Ermənistanda bacara biləcək qüvvə tapa bilsə. Hazırkı Ermənistan müxalifətinin reytinqi və ona güvən səsi o qədər yüksək deyil. Qalır hərbi müdaxilə, Rusiyanın buna gedəcəyini düşünmürəm. Çünki bunun üçün Rusiyanın Ermənistana həm birbaşa çıxış imkanları yoxdur, həm də Ukraynada müharibənin davam etdiyi vaxt ikinci cəbhənin açılması Moskvanı bir az da çətinə sala bilər. İndi Kremlin işin içində necə çıxacağı məlum deyil, hər halda alternativləri olmamış deyil.

Bütün hallarda Rusiya region üçün təhlükə olaraq qalır. Moskvada hələ də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını istəmirlər. Ya da Moskva elə bir “sülh müqaviləsi” istəyir ki, iki ölkə arasındakı gərginlik ocağı həmişə qalsın, istədiyi vaxt onu qızışdıra bilsin. Moskvadakılara görə, sülh müqaviləsi Rusiyanın Cənubi Qafqazdan çıxmasına zəmin yaradacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər