Ermənistan hakimiyyəti sülh müqaviləsi ilə bağlı Azərbaycanın bütün əsas tələblərinə razılıq verib.
Teleqraf.com-un xəbərinə görə, bunu erməni politoloq Ara Poqosyan deyib.
O bildirib ki, İrəvanın Qarabağ ermənilərinin qayıdışı məsələsinə qarşı Bakı azərbaycanlıların Ermənistana dönməsi tələbini qoyub.
Poqosyan qeyd edib ki, artıq Bakının irəli sürdüyü Qərbi Azərbaycan məsələsi beynəlxalq platformalarda müzakirə mövzusuna çevrilib:
“Zənnimcə, bu, 2024-cü ildə öz əksini tapacaq situasiyadır, gələcəkdə danışıqlar masası arxasında da müzakirə mövzusuna çevrilə bilər.
Proses 2024-cü ildə də fərqli intensivlik və dalğalarla davam edəcək. Üstəlik, 2024-cü ildə həm toqquşmalar, həm də Ermənistan üçün ağrılı sənədlərin imzalanacağı istisna deyil”.
Politoloqun iddiasına görə, İrəvan Bakının Qərbi Azərbaycan tələbinə müqavimət göstərə bilməyəcək, yenə təslim olacaq.
Poqosyan 2024-cü ildə Zəngəzur dəhlizi məsələsinin də həllini tapacağını iddia edir. Həm də Azərbaycanın tələbləri əsasında...
Ekspert Ermənistanın xarici ölkələrdən silah təchizatında ciddi maneələrlə üzləşcəyini bildirib. Onun sözlərinə görə, hazırda Hindistandan silahların gətirilməsində problemlər olmasa da, qarşıdakı dövrdə əngəllərin yaranacağı istisna deyil.
Poqosyan hesab edir ki, Hindistanın Rusiya ilə birgə müəssisələrində istehsal edilən silahların Ermənistana çatdırılması İrəvan-Moskva gərginliyi səbəbindən dayandırıla bilər:
“Ermənistanla Rusiya arasında münasibətlər o səviyyəyə çatıb ki, Putin son mətbuat konfransında İrəvanın MDB, KTMT və Avrasiya İqtisadi Birliyinin toplantılarında iştirak etmədiyini dedi. Buna baxmayaraq, Rusiya Ermənistanla münasibətlərini birtəhər yumşaltmağa çalışır. Bu, ən azı yaxın gələcəkdə də belə olacaq. Çünki Rusiya anlayır ki, bu dövrdə Rusiyanın regiondan sıxışdırılaraq çıxarıla biləcəyi təhlükəsi var, bu da onun strateji maraqlarına zidd olacaq”.
Politoloqun fikrincə, Kreml yumşaltma səylərinin nə qədər effektli olub-olmayacağına baxacaq və Ermənistanla bağlı qərarını buna uyğun verəcək.
Poqosyan onu da iddia edir ki, Azərbaycan Ermənistanın kənardan silah təchizatına maneə yarada bilər:
“Ermənistan başqa platformalarda silah tapmağa çalışanda Azərbaycanın fəal siyasəti həmişə bizə maneələr yaradıb. Vaxtilə Serbiyadan da silah alırdıq, söhbət 2008-ci ildən əvvəlki dövrdən gedir. Bu gün isə Ermənistan Serbiyadan silah ala bilmir, bu o deməkdir ki, Azərbaycan bu ölkə ilə müəyyən razılaşma əldə edib və bu bazar Ermənistan üçün ən azı müvəqqəti olaraq əlçatmaz olacaq”.