“Belə təəssürat yaranır ki, İrandakı dairələrin bir qismi Azərbaycanın səfirliyinin açılmasında maraqlı deyil”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert İran-Azərbaycan münasibətlərindəki son gəlişmələrə diqqət çəkib:
“İran Xarici İşlər Nazirliyinin sözçüsü Nəsir Kənani İran və Azərbaycan prokurorluqları arasındakı müzakirələrin nəticəsinə istinadla bildirib ki, Azərbaycanın Tehrandakı səfirliyinin yenidən fəaliyyətə başlaması üçün yol xəritəsi hazırlanıb. Səfirliyin açılması üçün yol xəritəsinin əsas iki bəndi bəllidir. Səfirliyimizə hücum edən terrorçu məhkəmədə layiqli cəzasını aldıqdan və Tehranda saxta ittihamla həbs edilən tələbəmiz vətəninə qaytarıldıqdan sonra Azərbaycanın İrandakı səfirliyinin açılması həll olunacaq.
Heç bir ölkə qonşuluğundakı səfirliyinin qapadılmasını istəməz. Azərbaycan da səfirliyin fəaliyyətə başlamasını istəyir. Ancaq Tehran zəruri addımlar atmadığına görə məsələ uzanır və belə təəssürat yaranır ki, İrandakı dairələrin bir qismi Azərbaycanın səfirliyinin açılmasında maraqlı deyil”.