Ermənistan Azərbaycanla danışıqlar və görüşlərin davam edəcəyinə ümid edir.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda yunan həmkarı ilə birgə mətbuat konfransında deyib.
Nazir rəsmi Bakının saxlanılan erməni hərbçiləri azad etməsinin konstruktiv addım olduğunu bildirib.
Mirzoyan əlavə edib ki, tərəflər sülh müqaviləsi ilə bağlı təkliflər mübadiləsi aparıblar. Azərbaycanın təklifləri dekabrın sonunda İrəvana daxil olub, Ermənistan tərəfi öz təkliflərini yanvarın 4-də göndərib.
Onun sözlərinə görə, sülh sazişində əsas götürülməli olan məsələ fundamental prinsiplərin konsolidasiyasıdır:
“Həmin prinsiplər dəfələrlə səsləndirilib: ərazi bütövlüyünün qeyd-şərtsiz və qeyri-müəyyənlik olmadan qarşılıqlı tanınması. Bu, maksimum aydınlıq tələb edən sualdır. Sazişdə sərhədin delimitasiyası prosesinin davam edəcəyi ilə bağlı aydın prinsiplər müəyyən edilməlidir. Yəni bu, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və delimitasiyas-demarkasiya prinsipləridir. Bu, Ermənistanın prioritetidir”.
Mirzoyan hesab edir ki, aydınlığın olmaması gələcəkdə eskalasiya və aqressiyayaya səbəb ola bilər: “Sülh sazişi elə olmalıdır ki, gələcəkdə sabitlik şübhə altına alınmasın”.
Nazir vurğulayıb ki, digər prinsip regional iqtisadi kommunikasiyaların (və ya nəqliyyat dəhlizlərinin) blokadadan çıxarılmasına aiddir:
“Sülh təkcə atəşkəsdən ibarət deyil, bu, həm də açıq sərhədlər, yüklərin və insanların hərəkətidir. Blokadanın açılması da bir neçə prinsip əsasında aparılmalıdır, onlar da məlumdur: ölkələrin kommunikasiya üzərində suverenliyi, bərabərlik və qarşılıqlılıq. Əgər Azərbaycanın Ermənistan kommunikasiya və dəmir yollarına çıxışı varsa, o zaman Ermənistan da Azərbaycanın dəmir yollarından istifadə edə bilməlidir”.