Bu gün Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanla iranlı həmkarı İbrahim Rəisi görüşüb.
Teleqraf.com xəbər verir ki, kritik görüşdə iki ölkə arasında ticarət, iqtisadiyyat, mədəniyyət və elm kimi müxtəlif mövzularda 10 müqavilə imzalanıb.
Prezident Ərdoğan bölgədə PKK/ YPG /PYD ilə mübarizənin gücləndirilməsinin vacibliyini vurğulayaraq, bu nöqtədə İranın dəstəyinin vacib olduğunu vurğulayıb.
O bildirib ki, Türkiyə terrorla mübarizədə İranın yanındadır.
"Biz qonşumuz İranla etimad və ümumi maraqlar əsasında münasibətlərimizin dərinləşməsinə önəm veririk. Hesab edirik ki, qəbul etdiyimiz qərarlar təkcə ölkələrimiz üçün deyil, həm də regionumuzun sabitliyi və rifahı üçün vacibdir. Bu gün biz konkret əməkdaşlıq sahələrini, regional və beynəlxalq hadisələri, xüsusilə İsrailin Qəzzaya və işğal olunmuş Fələstin ərazilərinə hücumlarını müzakirə etdik.
Terrorla mübarizə, enerji, ticarət, təhsil kimi mövzularda fikir mübadiləsi apardıq. İranla illik 30 milyard dollarlıq ticarət hədəfimiz kontekstində, xüsusən də koronavirusun yayılmasından sonra irəliləyiş əldə etdik".
Onun sözlərinə görə, görüşdə Fələstində, Suriyada, İraqda, Əfqanıstanda və Cənubi Qafqazda baş verən son hadisələrlə bağlı fikir mübadiləsi aparılıb.
Fələstin məsələsi Türkiyə və İranın mərkəzindədir. Xarici işlər nazirlərimiz dünən Nyu-Yorkda Fələstinlə bağlı sessiyada iştirak ediblər. Qəzzalı qardaşlarımızın təhlükəsizliyini, firavanlığını və gələcəyini təmin etmək üçün səylərimizi davam etdirdilər. Oktyabrın 7-dən biz 30 min tondan çox humanitar yardım, o cümlədən 26 min tonu un göndərmişik. İsrailin Qəzzaya qarşı qeyri-insani hücumlarına ən qısa zamanda son qoymağı və daimi sülh üçün təcili addımlar atmağı müzakirə etdik".