Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı ittifaqa qəbul edilməsini istəyir.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Iarex.ru saytı yazır.
Sayt xatırladır ki, Paşinyan ötən günlərdə dövlət radiosuna müsahibəsində ordu və milli təhlükəsizliyin gücləndirilməsi məsələlərindən danışıb. Ermənistanın Müstəqillik Aktındakı “tarixi ədalət, ermənilərin arzuları və Qarabağın Ermənistana birləşdirilməsi” kimi zərərli məqamlara toxunan Paşinyan bildirib ki, bunlar beynəlxalq ictimaiyyətin gözündə legitim məqsədlər ola bilməz.
“Biz buna həmişə Azərbaycan prizmasından baxırıq, bəs niyə digər qonşularımızın bunu necə qəbul etdiklərinə baxmırıq? Niyə Gürcüstanın Azərbaycan və Türkiyə ilə dərin müdafiə əlaqələri var, Ermənistanla yox? Bunun dövlətimizin təməlinə qoyduğumuz mesajlarla əlaqəsi ola bilərmi?”, - baş nazir vurğulayıb.
Rusiyalı politoloq Stanislav Tarasov Ermənistan liderinin açıqlamasını belə şərh edib:
“Paşinyanın Ermənistanın Müstəqillik Aktını dəyişdirmək niyyəti ilə əlaqəli sualı bir kənara qoyaraq soruşaq ki, onun bəyanatı Gürcüstan vasitəsilə Bakı və Ankara ilə müdafiə əlaqələrinin qurulması imkanları ilə bağlı deyilmi?
Hər şey onu göstərir ki, Paşinyan xarici siyasətində arabanın atdan əvvəl aşdığını anlamağa başlayıb. Son vaxtlara qədər “strateji tərəfdaş” adlandırdığı Rusiya ilə münasibətləri çətinləşdirməyə, inkişaf edən və adekvat xarici siyasət olmadığı halda bu tərəfə yıxılmağa başlayıb. Hətta gəlib çatdığı durumu “Ermənistana qarşı təcavüzkar mühit” adlandırır. Ermənistanın şərtlərini nəzərə alaraq Qərbin köməyi ilə Azərbaycanla tezliklə sülhə nail olacağına ümid edir. Amma İrəvanın təxminlərinin əksinə olaraq, Bakı Qərbin təzyiqləri ilə üzləşir.
Demək olar ki, Paşinyan bütün xarici istiqamətlərdə situasiyanı praktiki olaraq sıfıra endirib və öz niyyətlərini göstərərək Ermənistan Konstitusiyası və Müstəqillik Aktının mətnindən yapışmağa başlayıb.
Bəs xüsusən də Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan və Türkiyəyə güzəştə getmədən gürcülərlə türk tandeminə uyğunlaşa biləcəkmi? Paşinyanın yaratdığı bu çətin geosiyasi vəziyyətdə prezidentlər Əliyev, Ərdoğan və Gürcüstanın yeni rəhbərliyinin Rusiyanın iştirakı olmadan Paşinyanı təcriddən çıxarmaq üçün moderator kimi çıxış etmək ehtimalı azdır. Ola bilsin ki, Paşinyan Qərbin manipulyasiya obyekti olduğunu dərk etmir”.