Ermənistanın tendensiyaya çevrilən təxribatlarının sonu genişmiqyaslı toqquşma ilə nəticələnə bilər.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert şərti sərhəddəki son təxribatların arxasındakı məqamlara diqqət çəkib:
“Azərbaycan ordusunun mövqeləri yenidən atəşə tutulub. Bu dəfə Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindən ordumuzun Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqəsi istiqamətindəki mövqelərini iriçaplı silahlardan atəşə tutublar. Bu, artıq nəbz yoxlaması deyil. Azərbaycan mövqelərinin atəşə tutulması tendensiyaya çevrilir. Bu, Azərbaycanla yanaşı, Ermənistan Baş naziri Nikol Paşinyana qarşı da təxribatdır.
Ermənistanda Paşinyanın mövqelərini zəiflətmək üçün bölgədə gərginlik yaratmaq istəyən daxili və xarici qüvvələr fəallaşıblar. Təsadüfi deyil ki, son təxribat Paşinyan Almaniyada olarkən həyata keçirildi. Bizim üçün təxribatın kim və ya kimlərin həyata keçirməsinin fərqi yoxdur, təxribatın icraçılarına zərbələr endiriləcək. Bu təxribatların sonu genişmiqyaslı toqquşma ilə nəticələnə bilər.
Azərbaycan ordusu hər dəfə qarşı tərəfin təxribatına cavab olaraq genişmiqyaslı əməliyyatlara başlayıb və uğur qazanıb. Qarşı tərəf bu dəfə də özünə quyu qazmaqla məşğuldur”.
Elxan Şahinoğlu liderlərin mümkün görüşünə də toxunub:
“Azərbaycan Prezidenti İlham Əliyev və Nikol Paşinyan Almaniyadadır, hər iki lider Münxen Təhlükəsizlik Konfransında iştirak edəcək. İlham Əliyev və Nikol Paşinyan konfrans çərçivəsində panellərdə çıxışlar edəcək, müxtəlif liderlərlə görüşəcəklər.
Əsas suallardan biri budur: İlham Əliyevlə Nikol Paşinyan Münxendə görüşəcəkmi? Danışıqlarda irəliləyiş yoxdur, bu mənada liderlərin görüşü heç nəyi dəyişməyəcək. Buna baxmayaraq, İlham Əliyevin Nikol Paşinyanla hansısa paneldə birgə iştirakı və ya ayaqüstü görüşü də istisna deyil”.