Ermənistan Rusiyadan uzaqlaşır və Azərbaycanla gərginliyi artırır, bu da yeni ordunun yaranmasına təkan verə bilər. Cənubi Qafqazda münaqişə və hətta xaotik zona yaradılır. Bu məntiqlə Ermənistan baş nazirinin növbəti addımı fevralın 1-də Rusiyanın artıq ölkəsinin hərbi tərəfdaşı olmadığına dair bəyanatı oldu. Əslində, bu bəyanat hərbi müttəfiqlik münasibətlərinin labüd qırılması haqdadır.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Politnavigator.net saytı yazır.
Paşinyandan sonra müdafiə naziri Suren Papikyan Fransa və Hindistanın İrəvanın əsas hərbi tərəfdaşlarına çevrildiyini açıqlayıb. Bu fikir xarici işlər naziri Ararat Mirzoyanın Parisdə fransalı həmkarı Stefan Sejurnla görüşündə də təsdiqlənib.
Mənbə iddia edir ki, Fransa Ermənistan ordusunu NATO tipli avadanlıqlarla silahlandırmaq üçün tədarükü davam etdirəcək, məqsədi də alyansla inteqrasiyadır:
“Bu, hələlik real sövdələşmədən daha çox siyasi şouya bənzəyir. Nəhayət, Avropa hərbi-sənaye kompleksinin hazırkı vəziyyəti, sursat və ehtiyat hissə çatışmazlığını nəzərə alsaq, köhnəlmiş silah və artilleriyanın İrəvana verilməsi ölü adama qamburger vermək kimi bir şeydir. Bunun fonunda daha bir hal narahatlıq doğurur, o da Pentaqonun vəsaitilə Ermənistanda 13-cü Amerika hərbi bioloji laboratoriyasının tikintisidir. Həmin obyekt Rusiyanın Gümrüdəki hərbi bazasının yaxınlığında yerləşəcək.
Əslində, gözümüzün qabağında ABŞ və NATO-nun Ukrayna planlarının iflasa uğradığı durumda cənubda yeni gərginlik mənbəyi yaratmaq üçün İrəvan regionda növbəti “infeksiya” və qeyri-sabitlik faktoruna çevrilir. İndi Vaşinqton, Brüssel və Londonun yeni eskalasiyaya ehtiyacı var, buna görə də Ermənistan və Azərbaycan arasında yekun razılaşma üzrə danışıqlar qəfil dayanıb”.
“Politnaviqator”un iddiasına görə, İrəvanın liberal qərbyönlü elitası bir sıra güzəştlər müqabilində Bakı ilə tezliklə sülh müqaviləsi bağlamaqdan məmnun olardı, amma problemlər var:
“Məsələ budur ki, Azərbaycan rəhbərliyi nə Avropa Birliyi, nə də ABŞ-də belə bir saziş imzalamağa razıdır. “Qərbin marionetkası”nın (İrəvan) ilkin planı sülh müqaviləsini Avropa ərazisində imzalamaq idi, çünki bu halda bütün uğurlar müstəsna olaraq Avropa Birliyi və ABŞ-yə çatacaq, Cənubi Qafqazda tam Qərb hegemonluğu bərqərar olacaqdı. Amma Bakı bütün danışıqları sırf 3+3 formatı çərçivəsində aparmaqda və yekun sazişi imzalamaqda israrlıdır, bu format da Avropanın vasitəçiliyini istisna edir. Amerikalılar və avropalıların oyun kartlarını qarışdıran budur”.
Sayt Ermənistanın durumunun ürəkaçan olmadığını yazır:
“Bu vəziyyətdə Nikol Paşinyan iki sərt qaya arasında qalır, çünki Cənubi Qafqazda Zelenski rolunu oynaya biləcəyini mükəmməl anlayır. Üstəlik, hamı başa düşür ki, Avropa Birliyi və ABŞ mümkün hərbi eskalasiyada ona effektli dəstək verə bilməyəcək. Ermənistanın baş nazirinin ziddiyyətli açıqlamalarının izahı budur”.
“Politnaviqator” Nikol Paşinyanı Vladimir Zelenski, Ermənistanı Ukrayna ilə müqayisə edir və bu ölkəni “Qərbin növbəti müqəddəs qurbanı” adlandırır.