27 Fevral 08:15
419
12 Punto 14 Punto 16 Punto 18 Punto

26 fevral tarixində Azərbaycanın Kubadakı Səfirliyində Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. İlk öncə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Səfirlikdən Teleqraf.com-a verilən məlumata görə, səfir Ruslan Rzayev çıxış edərək 20-ci əsrin sonlarında müstəqilliyinin ilk illərində Azərbaycanın müxtəlif faciələrlə üzləşdiyini, Ermənistan tərəfindən ölkəmizə qarşı etnik təmizləmə siyasəti aparıldığını, 1992-ci ilin fevral ayının 25-dən 26-a keçən gecə erməni hərbi birləşmələrinin Xocalıda misli görülməmiş qətliam törətdiyini söyləyib.

Tarixən bu torpaqlarda yaşamış mülki azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğın, soyqırım və etnik təmizləmə siyasətinin təkcə Xocalının deyil, bütün Qarabağın əhalisinin fundamental hüquqlarını pozduğunu vurğulayıb.

Xocalı soyqırımı zamanı aralarında uşaqlar, qadın və yaşlılar olmaqla 613 günahsız mülki şəxsin bir gecədə Ermənistan hərbçiləri tərəfindən qətlə yetirildiyini bildirən R.Rzayev bu hadisəni bəşəriyyət tarixinin ən qanlı cinayətlərindən biri adlandırıb. Xocalı soyqırımı və Ermənistanın Azərbaycana hərbi hücumu zamanı törətdiyi digər cinayətlər, o cümlədən hərbi cinayətlər və insanlığa qarşı cinayətlər insan hüquqları və beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması faktını diqqətə çatdırıb.

R.Rzayev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi “Xocalıya Ədalət!” kampaniyası çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırıldığını vurğulayıb.

Ermənistanın təxminən 30 illik işğalının sona çatdığını, 44 günlük Vətən müharibəsi və lokal xarakterli anti-terror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyünü və öz əraziləri üzərində suverenliyini tam bərpa etdiyini söyləyən R.Rzayev, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin aparıldığını, Xocalı sakinlərinin, eləcə də Ermənistan işğalından azad olunmuş digər rayon sakinlərinin tezliklə öz evlərinə geri dönə biləcəklərini bildirib.

Daha sonra tədbirdə Azərbaycanda təhsil almış kubalı professor Rafael Tenreyro çıxış edərək mehriban və qonaqpərvər Azərbaycan xalqına öz başsağlığı diləklərini çatdırıb, Xocalıda mülkü əhaliyə qarşı törədilmiş amansız qətliamın Azərbaycanda təhsil alan Kubalıları dərindən sarsıtdığını söyləyib. O, Xocalı haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşərək Azərbaycanın bu gün tarixi ədaləti bərpa etdiyini, öz torpaqlarını işğaldan azad etdiyini və Qarabağın dirçəldilməsi istiqamətində əməli işlər gördüyünü vurğulayıb.

Tədbirin sonunda Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı soyqırımına həsr olunmuş video nümayiş olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər