28 Fevral 21:46
4 133
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynaya hərbi qüvvələrini göndərmək istəyən Fransa Prezidenti Emmanuel Makron eyni istəyi Ermənistan üçün də səsləndirə bilər.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Fransa liderinin təklifinin Qərb dövlətləri tərəfindən qəbul edilmədiyini vurğulayıb:

“Makronun Qərb dövlətlərinin hərbi qüvvələrinin Ukraynaya göndərilməsinin mümkünlüyü barədə açıqlaması beynəlxalq aləmdə ən çox müzakirə olunan mövzulardandır. Makrondan başqa heç bir Qərb ölkəsinin lideri və ya müdafiə naziri bu barədə açıqlama verməyib. Belədirsə, Makron Qərb ölkələrinin adından niyə danışıb?

Görünür, Makron bu yolla Rusiya ordusunun Ukraynada irəliləməsindən narahatlığını ortaya qoyub və bunun qarşısını almaq üçün məlum ifadəni işlədib ki, Kreml narahat olsun. Ancaq məsələ budur ki, içi boş sözlərlə Rusiya geri çəkilməyəcək, tam əksinə, Makronun dedikləri reallaşmasa, rusiyalı rəsmilər “nə oldu, bəs üstümüzə gəlirdiz” kimi kinayəli cümlələr işlədəcəklər.

NATO ölkələri Rusiya ilə Ukrayna ərazisində savaşmaq istəmirlər, hətta Ağ Ev və Pentaqon Makronun açıqlamasını dəstəkləməyib. Avropa dövlətləri də müharibədə iştirak etmək istəmirlər. Ukraynaya silah və hərbi texnika göndərməklə, vətəndaşlarını ölümə göndərmək arasında böyük fərq var. Fransanın özündə də Makronun açıqlaması tənqid olunub, fransalı gənclər Ukraynada ölmək istəmirlər”.

Elxan Şahinoğlu Fransanın anti-Azərbaycan siyasətinə də diqqət çəkib:

“Ukraynaya hərbi qüvvələrini göndərmək istəyən Makron eyni istəyi Ermənistan üçün də səsləndirə bilər. Ancaq Fransa hərbçilərini Ermənistanda da rahat həyat gözləməyəcək. Ermənistan Baş naziri Nikol Paşinyan hazırkı siyasətinə görə ikiqat – Rusiya və Azərbaycanın təzyiqi altındadır, üstəgəl, çox sayda fransalı hərbçini ölkəsinə gətirmək istəsə, bölgədə vəziyyət daha da gərginləşəcək və sülh sazişi imzalamaq imkanları miminuma enəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər