Hələlik Ermənistan öz ərazisində KTMT-nin məsuliyyət sahəsini müəyyən edə bilmir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Onlar söyləyirlər ki, KTMT Ermənistanda öz məsuliyyət sahəsinin harada olduğuna qərar verə bilmir, mən də deyirəm ki, Ermənistanın özü hələ qərar verməyib. Ermənilərin guya Rusiya sülhməramlılarının hərəkətsizliyi üzündən Qarabağı tərk etdiyini söyləmək düzgün deyil. Ümid edirəm ki, Rusiya Ermənistanla ən yüksək səviyyədə, Qərbin bədxahlarının arqumentləri olmadan, vəziyyətin vicdanla müzakirəsi üçün təmaslar quracaq”, - nazir bildirib.
Lavrov KTMT-nin Ermənistanda məsuliyyət zonasının müəyyən olunmamasını Azərbaycanla sərhədlərin hələ müəyyən edilməməsi, delimitasiya prosesinin başa çatmaması ilə izah edib. Rusiyanın baş diplomatı hesab edir ki, belə bir durumda məsuliyyət zonasından danışmaq tezdir.
"Ermənistanın özü Azərbaycanla sərhədi hələ də delimitasiya etməyib. KTMT-nin öz məsuliyyət sahəsini göstərməyə borclu olduğunu söyləməzdən əvvəl Ermənistanın sərhədlərini müəyyənləşdirmək, Ermənistan rəhbərliyinin fəal şəkildə həyata keçirdiyi delimitasiyanı başa çatdırmaq lazımdır", - Lavrov vurğulayıb.