Hazırda Azərbaycana qaytarılacaq 4 kəndin ətrafında vəziyyət gərgindir, polis Bağanıs Ayrımla bitişik Voskepara (Əskipara) gedən yolu bağlayıb. Bu, ətraf kəndlərin sakinlərini qəzəbləndirib, onlar yolun açılmasını tələb edirlər.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın News.am portalı məlumat yayıb.
Sakinlər deyirlər ki, artıq həmin ərazidə ölçmə işləri aparılır və Bağanısdan Əskiparaya gedən yolun Bağanıs Ayrıma çatdırılması üçün hazırlıq işləri görülür. Onların sözlərinə görə, yolun bir neçə saat ərzində Azərbaycan tərəfinə keçməsi mümkündür.
Bu gündən etibarən Bağanıs Ayrımda sərhəd dəyişikliyinin olacağı xüsusi qeyd olunub. Ermənilərin dediklərinə görə, xüsusi nişanlar qoyulacaq.
Ermənistan Daxili İşlər Nazirliyindən bildirilib ki, ərazidə aparılan minatəmizləmə işləri və vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə yaxınlıqdakı minalanmış ərazilərə daxil olmalarının qarşısının alınması məqsədilə Bağanıs-Əskipara avtomobil yolu bağlanıb.
Nazirlik qeyd edib ki, Bağanıs-Əskipara hissəsində bu gün sərhədin demarkasiyası ilə bağlı işlərin aparılması planlaşdırılır. Açıqlamada Azərbaycana təhvil veriləcək kəndlərin Ermənistana məxsus olmadığı da etirazçıların diqqətinə çatdırılıb.
“Sərhədin demarkasiyası başa çatdıqdan sonra sərhəd xəttinin mühafizəsi Ermənistan Respublikasının Sərhəd Qoşunlarına təhvil veriləcək”, - məlumatda deyilir.
Aprelin 19-da Azərbaycan və Ermənistan sərhəd komissiyalarının iclasında Bağanıs Ayrım, Xeyrimli, Aşağı Əskipara və Qızılhacılı kəndlərinin ölkəmizə təhvil verilməsi razılaşdırılıb. Qərardan narazı olan Tavuş sakinləri etiraz aksiyasına başlayıblar.