Xəbər verildiyi kimi, Azərbaycanda daha iki nəfərin qarayara xəstəliyinə yoluxduğu təsdiqlənib. Bu barədə Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) birgə məlumat yayıb.
Bildirilib ki, iyunun 7-də Zaqatala rayonu Faldarlı kəndinin 3 sakini qarayara diaqnozu şübhəsi ilə Bakı şəhəri Kliniki Tibbi Mərkəzinə hospitalizasiya olunublar. Xəstələrdən birində qarayara diaqnozu təsdiqlənib, tibbi protokola uyğun olaraq müalicəsi davam etdirilir.
Teleqraf.com-a xəstəliklə bağlı məlumat verən həkim infeksionist Mərdan Əliyev qeyd edir ki, qarayaraya əsasən xəstə heyvanlarla təmasda olan insanlara yoluxur:
“Xəstəlik daha çox heyvanlarda əmələ gəlir. Onlardan isə insanlara keçir. Elmi dildə "Sibir xorası" olan qarayara infeksion xəstəlik olmaqla çox təhlükəlidir. Qarayaranın insanlarda əsas əlamətləri bədən nahiyələrində nekrozlu sahələrin əmələ gəlməsidir. Həmçinin hərarətin yüksəlməsi, ağız boşluğunun selikli qişasının xorası müşahidə olunur.
Heyvan mənşəli xəstəlik insana keçə və insanda ağırlaşma yaradaraq ölümə gətirib çıxara bilər. Xəstəliyə yoluxan insanların dərisində qara ləkə əmələ gəlir. Bundan sonra onlarda yüksək hərarət, halsızlıq, zəiflik, temperatur düşməsi baş verir. Xəstəliyə ciddi yanaşılmasa, dərhal müalicə olmasa, bu hal ölümə gətirib çıxara bilər".
Həkim qeyd edir ki, xəstəliyin ən çox yayılmış forması dəri yarasıdır:
"Dəri üzərində böyük yaralar olur. Qorxulu forması isə tənəffüs yolları vasitəsilə yoluxan ağ ciyər xorasıdır. Çünki bu zaman ölüm riski yüksəkdir. Yoluxmuş heyvanların dərisi, yunu, sümükləri və ya heyvan məhsulları ilə birbaşa təmas nəticəsində yaranır.
Bu təhlükəli infeksiyadan qorunmaq üçün heyvanlara qulluq etdikdə gigiyena qaydalarına mütləq əməl olunmalıdır. Qarayara xəstəliyi bakterial mənşəli təhlükəli xəstəlik olmaqla bir çox heyvan növlərində rast gəlinir. Əgər bir-iki hal varsa, həmin şəxslər nəzarətə götürülməlidir".