Xəbər verdiyimiz kimi, iyunun 26-da saat 21 radələrində paytaxtın Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 95 ünvanında 2000-ci il təvəllüdlü Tural Kosayev başından güllələnərək qətlə yetirilib. Məlumata görə, qətli törədən İsmayıl Allahverdiyev Qazax rayonunun Daş Salahlı kəndində yaşayırmış.
Onun Bakıya mərhum Tural Musayevi öldürmək məqsədi ilə gəldiyi iddia olunur.
Hadisə ilə bağlı Teleqraf.com-a açıqlama verən Daş Salahlı kəndinin bələdiyyə sədri Kamil Eyyubov İsmayıl Allahverdiyevin hərbçi olduğunu deyib:
“Bizim kəndin sakinidir. Hərbçi idi. İsmayılı sakit oğlan kimi tanıyıram. Kəndə də sakit təbiətli biri kimi tanınır. Onun kənddə hansısa mübahisəsinin olduğunu eşitməmişəm".
İlkin məlumatlara görə, hadisə şəxsi münasibətlər zəminində qız üstündə baş verib. Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, İsmayıl Allahverdiyev iş üzrə şübhəli şəxs qismində tutulub. Araşdırma aparılır.