Qərb Azərbaycan və Ermənistanı NATO sammitinə dəvət etməklə onları Rusiya ilə əməkdaşlıqdan uzaqlaşdırmağa çalışır, Qafqazda Avroatlantik reseptlərin tətbiqi regionda yeni bölücü xətlərin yaranmasına gətirib çıxaracaq.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti rəhbərinin müavini Andrey Nastasin deyib.
“Amerikalıların öz dağıdıcı təsirlərini dünyanın bütün regionlarında yaymaq üçün növbəti cəhdi... Vaşinqton Avropadakı əlaltılarının tam razılığı ilə dostlarımız və qonşularımızı Rusiya ilə əməkdaşlıqdan ayırmaq məsələsini ortaya qoyur.
Regionun xüsusiyyətlərini dərk etməkdən uzaq olan Avro-Atlantik rəsmilərin öz reseptlərini tətbiq etməsi Cənubi Qafqazda yeni ayırıcı xətlərə gətirib çıxaracaq və təkcə bölgə yox, həm də ümumavrasiyanın təhlükəsizliyi üçün dağıdıcı nəticələrə səbəb olacaq. Ümid edirik ki, Bakı və İrəvan bunu yaxşı başa düşür”, - Nastasin bildirib.
Diplomat NATO rəsmilərinin Azərbaycanın paytaxtına səfərlərinə də diqqət çəkib.
Nastasin əlavə edib ki, Qərb ölkələri Ermənistanı silahlandırır, bu ölkənin müdafiə sektorunu yenidən qurmağa çalışırlar.
“Bu, iki ölkə arasında gərginliyi dərinləşdirir, Ermənistan-Azərbaycan dialoquna töhfə vermir, regionda silahlanma yarışını təhrik edir”.
Ölkə rəsmisi Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanması üçün universal əsasın 2020-2022-ci illərdə Moskvanın vasitəçiliyi ilə imzalanmış anlaşmalar olduğunu söyləyib. Onun fikrincə, Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi regional məsuliyyət prinsipi çərçivəsində bölgə ölkələri təmin edə bilər və təmin etməlidir.