Banqkokda lüks otel otağında ölən 6 vyetnamlı sianidli içkilərdən zəhərlənib.
Teleqraf.com xəbər verir ki, zəhərlənmənin arxasında zərərçəkənlərdən birinin dayandığı ehtimalı böyükdür
Tailandın baş naziri Settha Thavisin bildirib ki, istintaqda Tailand təhqiqatçılarına ABŞ Federal Təhqiqatlar Bürosu kömək edir.
Xatırladaq ki, ötən gün Tailandın paytaxtında dəbli otellərdən birində 6 nəfərin meyiti aşkar edilib. Onların hamısı vyetnamlıdır, lakin bəziləri həm də ABŞ pasportu daşıyır.
Polis zəhərlənmənin arxasında borca görə cinayət törədənlərdən birinin durduğunu güman edir. Həmin şübhəli də ölənlər arasındadır. Polis əməkdaşlarının sözlərinə görə, otaqda heç bir mübarizə, quldurluq və ya soyğunçuluq əlaməti aşkar edilməyib.
Həlak olanlardan ikisi investisiya məqsədləri üçün üçüncü şəxsə “on milyon Tailand batı” borc verib. 10 milyon bat təxminən 280 min dollardır.
Hadisə yerinə gələn Tailandın Baş naziri Settha Thavisin istintaqı şəxsi nəzarətinə götürdüyünü bildirib. O əlavə edib ki, baş verənlər ölkənin nüfuzuna və turist axınına təsir etməməlidir.