6 Fevral 2015 15:09
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyi: "Hazırda onun müsahibə verməsi mümkün deyil"

Məhkum Lamiyə Quliyevanın cəzaçəkmə müəssisəsində ana olması medianın gündəmindədir. Penitensiar Xidmət tərəfindən məsələyə bir neçə dəfə münasibət bildirilib. Eyni zamanda, vətəndaş cəmiyyəti nümayəndələri, millət vəkilləri öz mövqeyini dilə gətirib.

Qeyd edək ki, L.Quliyevanın məsələ ilə bağlı açıqlaması da media orqanları tərəfindən yayımlanıb. Amma görünən odur ki, L.Quliyevanın birbaşa hansısa mətbuat orqanına müsahibə verib, məsələ ilə bağlı konkret fikirlərini bildirməsinə ehtiyac var.

Bəs görəsən, L.Quliyevadan müsahibə almaq üçün Azərbaycan qanunvericiliyi bizə nə kimi imkanlar yaradır ümumiyyətlə bu, mümkündürmü?

"Əgər razılıq verərsə, müsahibə götürmək olar"

Məsələyə münasibət bildirən "Konstitusiya" Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev deyib ki, konkret L.Quliyeva məsələsində qanunvericilikdə onunla jurnalistin görüşüb müsahibə almasına heç bir məhdudiyyət qoyulmayıb: "Amma bir şərtlə ki, o xanım özü müsahibə verməyə razı olsun. Yəni, burada fərdin müsahibə verməsi onun razılığı əsasında ola bilər. Əgər razılıq verərsə, müsahibə götürmək olar. Əlbəttə ki, burada müvafiq prosedur qaydaları var. Əvvəlcə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəhbərliyi ilə razılaşdırmaq lazımdır və sonra onunla müsahibə aparmaq mümkündür. Onun olduğu müəssisə xüsusi rejimlidir və buraya daxil olmaq üçün də icazə alınmalıdır. Əgər buna icazə verilirsə və Lamiyə Quliyeva da könüllü olaraq müsahibə vermək üçün razılıq verirsə, o zaman mümkündür".


"Şouya çevirmək doğru deyil"

Ədliyyə Naziri yanında fəaliyyət göstərən İctimai komitənin üzvü, hüquq müdafiəçisi Əhməd Abbasbəyli bildirib ki, jurnalist Penitensiar Xidmətə müraciət etməklə L.Quliyeva ilə görüşə bilər. Onun sözlərinə görə, ola bilər ki, Penitensiar Xidmət buna şərait yaratdığı halda məhkum jurnalistlə görüşməkdən imtina eləsin və ya razılıq versin: "Çünki əksər insanlar öz şəxsi həyatları ilə bağlı mətbuata açıqlama vermək istəmirlər. Yəqin ki, məhkumlar belə hallarda daha çox mediaya hər hansı açıqlamalar verməkdən uzaqdırlar. Ümumiyyətlə, şəxsən mənə pis təsir edən o oldu ki, Lamiyə ilə bağlı xəbərlər Xalq şairi Vaqif Səmədoğlunun ölümü ilə bağlı informasiyaları kölgədə qoydu. Tanıdığımız bir neçə nəfər var ki, bu mövzunu günbəgün hallandırır və məqsəd də Penitensiar Xidmətə ləkə yaxmaqdır".

Ə.Abbasbəyli İctimai Komitənin üzvü olaraq, L.Quliyeva məsələsi ilə bağlı maraqlandığını diqqətə çatdırıb: "Sadəcə olaraq, biz onunla həmin vaxt görüşə bilmədik. Çünki o, ana olmağa hazırlaşırdı. Sonradan mətbuatda bu məsələ ilə bağlı çoxsaylı yazılar yer aldı. Hətta təsəvvür edin ki, Lamiyənin və ya başqa bir məhkumun uşağının adqoyma mərasimini mətbuat hallandırır. Bu, nə dərəcədə düzgündür? Düzdür, bu məsələdə qaranlıq məqamlar var, onu da araşdırmaq üçün müvafiq orqanlar, Prokurorluq, Ədliyyə Nazirliyi məşğul olur. Amma günbəgün Lamiyəni hallandırıb şouya çevirmək doğru deyil. Bu, etik çərçivədən kənara çıxmaqdır. Bu hal Lamiyənin özü və ailəsi üçün ziyandır. Digər tərəfdən o, insan ölümündə ittiham olunan məhkumdur. Hətta bəzi yazılarda onu qəhrəman səviyyəsinə qaldırıblar".

"Bu, ictimai əhəmiyyətli məsələdir"

"Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev qeyd edib ki, bu, çox incə məqamdır. Onun sözlərinə görə, bu məsələdə birmənalı demək olmaz ki, Lamiyədən müsahibə almaq etik prinsiplərə nə dərəcədə uyğundur və ya uyğun deyil: "Çünki jurnalist nəzərə almalıdır ki, həmin şəxs ciddi sarsıntılar keçirir, onun adının bağlı olduğu digər şəxslər var, məsələ ilə bağlı istintaq gedir. Ona görə də, bu məsələdə həmin şəxsin özünün istəyi, həm də Penitensiar Xidmətin razılığı olmalıdır. Əslində, medianın diqqətini cəlb edən Lamiyənin uşağının olub-olmaması deyil, bunun penitensiar müəssisədə qapalı bir yerdə baş verməsi və dövlət orqanlarının bu məsələdə öz vəzifələrini nə dərəcədə yerinə yetirib-yetirməməsidir. Medianın çalışdığı odur ki, burada dövlət orqanlarının davranışını və qanunların pozulub-pozulmadığını, həbsxanada olanların hüquqlarının nə dərəcədə qorunduğu və s. məsələləri araşdırsın. Ona görə də bu, ictimai əhəmiyyətli məsələdir".

"Hazırda Lamiyənin müsahibə verməsi mümkün deyil"

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən qəzetimizə bildirilib ki, istənilən KİV orqanının rəhbərliyi tərəfindən hansısa layihə çərçivəsində məhkumlarla görüşlə bağlı rəsmi müraciət olduqda buna Penitensiar Xidmətdə baxılır və qərar qəbul edilir: "Belə müraciətlər bizə daxil olub və müxtəlif media orqanlarına şərait yaradılıb. Hazırda bizdə belə 7-8 müraciət var ki, buna da xidmətin müxtəlif şöbələri tərəfindən baxılıb qərar veriləcək. Konkret Lamiyə ilə bağlı məsələyə gəlincə, o, özü mətbuatda gedən yazıları birmənalı qarşılamır və bununla bağlı geniş açıqlaması da olub. Hazırda araşdırma aparıldığı üçün Lamiyənin hər hansı media orqanına müsahibə verməsi məsələsi mümkün deyil".

BƏXTİYAR


Müəllif: