Ermənistan Türkiyə arasında münasibətlər normallaşacaqsa, bu, bölgədə sabitliyə və sülhə töhfə verə bilər. Amma Türkiyənin şərti bəllidir. Ankara İrəvanla münasibətlərin normallaşmasını Azərbaycanla Ermənistan normallaşması ilə əlaqələndirir ki, bu, belə də olmalıdır. Türkiyə-Ermənistan komissiyaları arasındakı son görüşmədə tərəflər əslində xüsusi bir razılıq əldə etmədilər. Sadəcə olaraq bundan əvvəlki görüşlərdə əldə olunmuş razılaşmaları təsdiq etdilər.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Onun sözlərinə görə, müəyyən kateqoriya şəxslər üçün yüngülləşdirilmiş viza rejimi ilə bağlı bir anlaşma oldu: "Bu, xüsusilə də əvvəlki görüşdə razılaşdırılmış üçüncü ölkələrin vətəndaşlarına aid olan bir məsələdir. Biz Türkiyə ilə müttəfiqik, eyni zamanda Şuşa bəyannaməsində də bu açıq şəkildə qeyd olunub. Ona görə də Ermənistan doğrudan da konstruktiv olaraq münasibətlərin normallaşmasını istəyirsə, o zaman bununla da razılaşmalıdır. Eyni zamanda Türkiyə ilə paralel olaraq Azərbaycanla da münasibətləri normallaşdırmalıdır. Əgər bu baş verərsə, yəni Azərbaycanla Ermənistan və Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması bölgədə sülh və təhlükəsizliyə ciddi şəkildə müsbət təsir edə bilər. Əgər Ermənistan ənənəvi olaraq himayədarların tapşırığı ilə fərqli davranacaqsa, bu da gərginliyin qalması demək olacaq".
Oqtay Qasımovun fikrincə, bu halda ən çox zərər İrəvana dəyəcək və Ermənistan dalan dövlət qalmaqda davam edəcək”.
Qeyd edək ki, iyulun 30-da Türkiyə və Ermənistanın Normallaşma Prosesinin xüsusi nümayəndələri (səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan) iki ölkənin ortaq sərhədində yerləşən Əlican-Mərqara sərhəd qapısında beşinci dəfə görüş keçiriblər.