12 Avqust 20:12
1 856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər İngiltərə mətbuatında Azərbaycanla bağlı iddia müzakirə olunur. İddiaya görə, İran Prezidenti Məsud Pezeşkian birbaşa İsrailin yox, bu ölkənin Azərbaycan və İraqdakı bazalarını vurmağı təklif edib. Bu iddialar birmənalı qarşılanmır. Bu məlumatın doğru olub olmadığı da məlum deyil. Bu baxımdan təbii ki, Azərbaycan tərəfinin belə iddianın olub-olmaması ilə bağlı dəqiq məlumat almaq hüququ var və biz bunu istəyirik.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Onun sözlərinə görə, bu məlumatın doğru olub-olmaması ilə bağlı birmənalı fikir söyləmək də çox çətindir:

“Yəni burada bu məlumat doğru da ola bilər, eyni zamanda bu, iddia və yaxud hansısa dezinformasiya da ola bilər. Mümkündür ki, belə bir iddianın ortaya atılması Pezeşkiana olan ümidlərlə bağlıdır. Çünki Pezeşkian İranda prezident seçiləndən sonra həm İranın daxilində soydaşlarımız tərəfindən, həm də Azərbaycan Respublikasının vətəndaşlarında müəyyən ümidlər var ki, məhz bu seçim nəticəsində Azərbaycanla İran arasında münasibətlər artıq əvvəlki kimi olmayacaq və daha yüksək səviyyəyə yüksələcək. Amma nəzərə almaq lazımdır ki, İranda prezident əsas şəxs deyil. İran dövlətinin xarici siyasətinin və təhlükəsizlik digər məsələlərlə bağlı əsas qərar verici şəxs ali dini rəhbərdir. Prezident sadəcə icraçıdır.

Amma maraqlı məqam ondan ibarətdir ki, Pezeşkian seçiləndən sonra İran mətbuatında Ermənistan-İran arasında 500 milyon dollarlıq PUA və raket sistemlərinin İrəvana satılması ilə bağlı memorandumun imzalanması haqqında məlumat yayıldı. Doğrudur, İran tərəfindən bunu Ermənistandakı İran səfiri təkzib etsə də, amma Tehranın özünün bu məsələyə dövlət olaraq münasibəti tam şəkildə ortada olmadı. Amma məlumdur ki, əslində mətbuatda gedən bu iddia kifayət qədər doğrudur. Eyni zamanda həqiqəti əks etdirir. Ən azı o baxımdan ki, Ermənistanın müdafiə nazirinin keçən il İrana səfəri zamanı iki ölkə arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıqla bağlı memorandum imzalanıb. Son bir neçə ildə Ermənistan əsgərləri İran hərbçiləri tərəfindən raket və PUA ların idarə olunması təlimlərinə cəlb olunub.

Bu baxımdan həm bu məsələnin məlumatın yayılması, eyni zamanda hazırkı iddianın da səslənməsi onu göstərir ki, İran daxilində müəyyən qüvvələr Pezeşkianın özünün fəaliyyətinə bir sıra əngəllər törətməyə çalışırlar. Eyni zamanda Azərbaycanla münasibətlərin düzəlməsində maraqlı deyillər. Bu baxımdan bu iddia təbii ki, əgər təkzib olunmayacaqsa o deməkdir ki, belə bir məsələ olub. Hər halda İran tərəfindən bu məsələyə aydınlıq gətirilməsi vacib hesab olunur”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər